Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib
Muxtar respublikamızda sahibkarlığın inkişafında dövlət dəstəyinin genişləndirilməsi, sahibkarların işgüzar əlaqələrinin inkişafı, müxtəlif növ xidmətlərin və maliyyə dəstəyinin göstərilməsi kimi əhatəli iqtisadi siyasətin aparılması mühüm rol oynayır. Regionun inkişafı isə mövcud olan təbii, əmək və istehsal resurslarının uğurlu layihələr hesabına iqtisadiyyatın artımına nail olunması, yeni iş yerləri yaradılmaqla daimi məşğulluğun təmin edilməsi və bununla da, əksər sosial məsələlərin həlli deməkdir.
Muxtar respublikada azad sahibkarlığın inkişafına şərait yaradan sosial-iqtisadi tərəqqi, ən ucqar regionlarda belə insanların rifah içində yaşamasını təmin edən normal həyat səviyyəsinin bərqərar edilməsi, şəhərlə kənd arasında fərqin aradan qaldırılması, regionda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlıq sinfinin mərhələ adlaması, əhali tələbatlarını ödəməyə yönəldilmiş hər cür istehsal və xidmət sahələrinin istifadəyə verilməsi iqtisadi təhlükəsizliyin təmin olunmasına gətirib çıxarmış iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına səbəb olmuşdur. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında, müasir istehsal və emal sahələrinin, həmçinin müasir infrastrukturun yaradılmasında dövlət maliyyə dəstəyinin göstərilməsi əhəmiyyətli investisiya mənbəyidir. Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, kredit resurslarına ehtiyacı olan sahibkarlıq subyektlərinin iqtisadiyyatın prioritet istiqamətlərinə yönəlik layihələrinin maliyyələşdirilməsi iqtisadi prioritet kimi qarşıya qoyulmuşdur.
Regionların sosial-iqtisadi inkişafına nail olmağın əsas yollarından biri də əhalinin rifah halının yüksəldilməsi, daimi məşğulluğun təmin edilməsi və kiçik sahibkarlıq subyektlərinin yaradılmasına şərait yaradan iqtisadi stimullardan səmərəli istifadədir. İndinin kiçik sahibkarını gələcəyin biznes adamına çevirmək üçün heç şübhəsiz verilən kreditlərin əvəzsiz rolu vardır.
Bütün bunlarla yanaşı sаhibkаrlıq subyеktlərinin istеhsаl еtdikləri məhsullаrın xarici bazarlara ixracı, fəaliyyətini dayandırmış və ya tam gücü ilə fəaliyyət göstərməyən istehsal müəssisələrinin fəaliyyətinin bərpası, muxtar respublikada iqtisadiyyatın muxtəlif sahələrinə investisiyaların cəlb edilməsi, kiçik və orta həcmli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların rəqabət qabiliyyətinin artırılması, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə kreditlərin verilməsi davam etdirilməkdədir.
Bütün qeyd edilənlərin təməlində isə sosial inkişafı xarakterizə edən ən mühüm göstərici kimi sahibkarların mənafelərinin qorunması və onlara iqtisadi fəaliyyətlə məşğul olmaları üçün biznes mühitinin yaradılması dayanır. Məhz bu mühitin formalaşması və inkişafında Sahibkarlığın İkişafı Fondunun rolunu xüsusilə qeyd etməliyik. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 7 avqust tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılmış, güzəştli kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilmiş, nəzarət mexanizmi təkmilləşdirilmişdir.
Sahibkarlara kömək məqsədilə yaradılmış Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinə nəzər salsaq görərik ki, bu qurum 2000-ci ildən 1 yanvar 2020-ci il tarixədək 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərmişdir. Bu rəqəm 2019-cu ildə 117 layihə üzrə 10 milyon 715 min manatdan artıq olmuşdur. Bütün bunlar isə dövlət maliyyə dəstəyi ilə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə şərait yaratmışdır. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi əhalinin məşğulluq səviyyəsini də artırır.
İqtisadiyyatın mühüm istiqamətlərindən olan ailə təsərrüfatlarının formalaşaraq kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmasını, ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi 2019-cu ildə də davam etdirilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrdən heyvandarlıq, quşçuluq, arıçılıq təsərüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, yabanı növ bitkilərin tədarükü, qablaşdırılması, süd məhsullarının emalı və qablaşdırılması, unlu-qənnadı məmulatların paketlənməsi üçün xammalın və taranın alınması, qovurmanın qablaşdırılması məqsədilə 87 ailə təsərrüfatına 820 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər aparılmış, kreditlərin ödəmə müddətləri və iqtisadi səmərəliliyi araşdırılmış, sahibkarlıq subyektləri ilə kreditlərin vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə və qanunvericiliyin tələblərinin izahı işləri aparılmışdır.
Nəticə etibarilə əldə olunmuş naliyyətlər muxtar respublikada sahibkarlıq üçün əlverişli şəraitin yarandığını, iqtisadiyyatın hər sektorunda çalışanlara dövlət tərəfindən hər cür qayğının göstərildiyini əyani nümayiş etdirir. Bu səbəbdən də sahibkarlıq mühiti getdikcə daha böyük sürətlə inkişaf edir, ümumi iqtisadiyyatda öz çəkisini artırır.
Rəmzi Əlizadə
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin əməkdaşı