Naxçıvan şəhərindəki Heydər Əliyev prospektində ailə təsərrüfatları məhsullarının satışı mağazası fəaliyyətə başlayıb.
NUHÇIXAN xəbər verir ki, ailə təsərrüfatı başçısı Şəfəq Ağayevanın dövlət dəstəyi ilə yaratdığı təsərrüfatın bir hissəsi olan mağazada müxtəlif çeşidli şirniyyatlar, meyvə suları, mürəbbələr, meyvə quruları, beş çeşiddə əriştə, xəngəl kimi xəmir məhsulları müştərilərə təqdim edilir.
Qeyd edək ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu sahəyə marağı daha da artırıb. Ötən dövr ərzində ailə təsərrüfatlarının hərtərəfli fəaliyyəti üçün keçirilən tədbirlərin davamı olaraq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində “Ailə təsərrüfatı məhsulları” guşələri yaradılıb. Naxçıvan şəhərində fəaliyyətə başlayan ailə təsərrüfatları məhsullarının satışı mağazası da paytaxt sakinlərinə nümunəvi xidmətlə yanaşı, muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatlarında istehsal olunan məhsulların da satışını həyata keçirir. Bütün bunlar isə muxtar respublikada ailə təsərrüfatlarında istehsal olunan məhsulların çeşidinin və rəqabətqabiliyyətliliyinin stimullaşdırılması ilə yanaşı, istehlakçıların ekoloji təmiz məhsullarla təmin edilməsində də mühüm rol oynayır.