“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC daha bir dünya miqyaslı iri istehsalçının Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun imkanlarından istifadə etməsinə nail olub.
MMC-dən NUHÇIXAN-a bildirilib ki, Rusiyanın “Evraz” şirkəti Türkiyə bazarına çıxartdığı məhsulunu Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımağa başlayıb.
“ADY Express” şirkətinin təqdim etdiyi 30 vaqon Rusiyanın Sverdlovsk vilayətinin Smıçka stansiyasında dəmir külçələrlə yüklənərək yola salınıb. Yük vaqonları 5175 kilometr məsafəni qət edib, Rusiya, Azərbaycan və Gürcüstandan keçərək Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatdırılıb. Yükün ümumi çəkisi 2053 tondur. Bu “Evraz” şirkətinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql olunan ilk yükləridir. Hazırda test rejimində daşınan yüklərin həcminin daha sonra dəfələrlə artırılması nəzərdə tutulur. “Evraz” bu yolla hər ay 30-40 min ton yükün nəql edilməsini planlaşdırır. Şirkət bundan başqa, BTQ vasitəsilə Türkiyəyə iri həcmdə kömür nəql edilməsini arzulayır.
“Evraz” dünyanın ən iri metallurgiya və dağ-mədən şirkətlərindən biridir. Şirkətin aktivləri Rusiya, ABŞ, Kanada, Çexiya, İtaliya, CAR, Türkiyə və Qazaxıstan kimi ölkələrdə cəmləşdirilib. Dünyanın iri polad istehsalçılarından biridir. Polad istehsalına görə, dünyada 15-ci yerdədir. Şirkət Şimali Amerika və Avropada metallurgiya sənayesinin liderləri sırasındadır.