Anar Əsədullayev Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edib
Fevralın 3-də Prezident İlham Əliyevində iştirak etdiyi “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayevdə konfransda iştirak edib.
Konfransda “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayev çıxış edərək deyib:
-Möhtərəm cənab Prezident.
Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutub. Qəbul olunan dövlət proqramlarının icrası, həyata keçirilən kompleks islahatlar ölkəmizdə sabitliyi və davamlı inkişafı təmin edib. Əhalinin həyat səviyyəsi yüksəlib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, regionların tarazlı inkişafına nail olunub, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılıb.
Blokada şəraitində olmasına baxmayaraq Sizin qayğınızla Naxçıvan Muxtar Respublikası da inkişafa qovuşub. Bu gün muxtar respublikada inkişafın əsas göstəricisi olan enerji və ərzaq təhlükəsizliyi tam təmin olunub. Eyni zamanda, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması iqtisadiyyatın çoxşaxəli artımına təkan verib. Sənaye sürətlə inkişaf edərək ümumi daxili məhsul istehsalında ilk yeri tutub, aqrar sektorda tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırıb.
Muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətinə çevrilib, ümumi daxili məhsulda özəl bölmənin payı artaraq 88 faizi ötüb. Hazırda muxtar respublikada məşğul əhalinin 84 faizə yaxını özəl sektorda çalışır. Sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının 98 faizi, ticarət və ictimai iaşə xidmətinin 100 faizi özəl bölmənin payına düşür. Hazırda muxtar respublikada 380 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Bu nailiyyətlər yaradılmış əlverişli biznes mühiti, dövlətin sahibkarlığa diqqət və qayğısı nəticəsində mümkün olub. Muxtar respublikada yüksəkkeyfiyyətli məhsul istehsal edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Duz istehsalı Naxçıvanın tarixən özünəməxsus məşğulluq sahələrindən biridir. Daim Naxçıvan duzuna böyük tələbat olub, duzumuz dünyanın müxtəlif ölkələrinə göndərilib. Əvvəllər Duzdağda duz açıq üsulla çıxarılırdısa, XX əsrin əvvəllərindən duzun sənaye üsulu ilə hasilatına başlanılıb. Ötən əsrdə uzun müddət istismar olunan şaxtaların birinin müddəti başa çatıb, digərində isə Duzdağ Fizioterapiya Mərkəzi yaradılıb. Tələbatın artması yeni duz şaxtasının açılmasını zəruri edib. Bu istiqamətdə tədbirlər görülüb, 2019-cu ilin sonunda yeni şaxtanın tikintisinə başlanıb. Şaxtanın tikintisinə dövlətimiz tərəfindən böyük dəstək göstərilir. 15 milyon ton ehtiyatı olan yeni duz şaxtasının açılması və müasir istehsal sahəsinin qurulması müəssisəmizin fəaliyyətinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına, Naxçıvan duzunun daha keyfiyyətli formada istehsal edilməsinə və məhsullarımızın ixrac potensialının artırılmasına imkan verəcəkdir.
Bu gün müəssisəmizin məhsulları yerli tələbatı ödəməklə yanaşı, ölkəmizin digər regionlarına da göndərilir. Bakı şəhəri və respublikamızın digər bölgələrində Naxçıvan duzuna olan tələbat günbəgün artmaqdadır. Artıq Bərdə şəhərində müəssisənin bazası yaradılıb.
Onu da qeyd edək ki, insan sağlamlığı üçün vacib elementlərlə zəngin olan Naxçıvan duzunun xarici bazara çıxarılması, tanıdılması istiqamətində də işlər davam etdirilir. Ayrı-ayrı ölkələrdə keçirilən biznes forumlarda, sərgilərdə yaxından iştirak edirik. Bu da əlaqələrimizin genişlənməsinə və ixrac imkanlarımızın yaranmasına əlverişli şərait yaradır.
Müəssisəmizdə xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Əvvəllər 8 çeşiddə məhsul istehsal edirdiksə, həyata keçirilmiş tədbirlər nəticəsində məhsul çeşidinin sayı 18-ə çatdırılıb, 60 nəfər işlə təmin olunub.
Cənab Prezident, çıxışlarınızın birində qeyd etmişdiniz ki, “Sahibkarların uğurlu işi bizim hamımızın uğurudur. Azərbaycanın inkişafı bu istiqamətdədir, bu yoldadır”. Bu gün fəxrlə deyirik ki, Azərbaycanda sahibkarlığın inkişafı sahəsində qazanılan uğurlara Sizin göstərdiyiniz böyük diqqət və qayğı nəticəsində nail olunub. Bütün bunlara görə muxtar respublika sahibkarları adından Sizə dərin minnətdarlığımızı bildirir, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Sağ olun.