2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar artaraq 52 milyard dollara çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirib.
Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanın strateji ehtiyatıdır, onun iqtisadi müstəqilliyini və böyük dərəcədə siyasi müstəqilliyini təmin edir. Azərbaycan bu gün dünyada sayı o qədər də çox olmayan o ölkələrdəndir ki, tam müstəqil siyasət aparır. Müstəqil siyasət aparmaq üçün bir çox amillər, o cümlədən ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti olmalıdır. Müstəqil siyasət aparmaq üçün Azərbaycanın kifayət qədər imkanları var.
“Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir”, - deyə Prezident İlham Əliyev qeyd edib.