Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlara və menecerlərə müraciət edib.
KOBİA-dan NUHÇIXAN-a bildirilib ki, agentlik “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2020-2021-ci illərdə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirak etməkdə maraqlı olan sahibkar və menecerlər üçün müsabiqə elan edib.
Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində menecerlərin hazırlanması və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına dəstək göstərməkdir. Müvafiq tələblərə cavab verən namizədlər müsabiqə mərhələsinə dəvət olunacaqlar. Martda Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcək.
Proqram haqqında ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən – “www.smb.gov.az” əldə etmək olar.