TANAP layihəsi Avropa İttifaqının qaz təminatının şaxələndirilməsi ilə yanaşı, enerji təchizatının təhlükəsizliyində mühüm rol oynayacaq.
NUHÇIXAN xəbər verir ki, bu sözləri KİV-lərə açıqlamasında “Gürcüstan Neft-Qaz Korporasiyası”nın (GOGC) baş direktoru Georgi Baxtadze söyləyib.
Onun sözlərinə görə, Gürcüstan təbii qazın tranziti baxımından regional əhəmiyyətə malikdir. Bu gün Azərbaycan qazı Türkiyəyə məhz Gürcüstan ərazisindən daşınır. TANAP-ın işə düşməsindən sonra Gürcüstan qaz tranzitinə görə beynəlxalq əhəmiyyətə malik olub.
G.Baxtadze deyib: “TANAP istismara verilənədək Gürcüstan “Şahdəniz” yatağından ən çox 330 milyon kubmetr qaz alırdı. Cənubi Qafqaz Boru Kəməri işə başladıqdan sonra bu rəqəm tədricən artacaq və 2024-2026-cı illərdə 22 milyard kubmetrə çatacaq. Bu da Gürcüstana 1,1 milyard kubmetrə qədər təbii qazı daha aşağı qiymətə almağa imkan verəcək”.