Əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair 2 günlük təlim başa çatıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində “Əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkili”nə dair 2 günlük təlim başa çatıb.
Nazirliyin Tədris Mərkəzinin tədris zalında keçilən təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların bu sahə üzrə çalışan mütəxəssisləri və iştirak üçün qeydiyyatdan keçən 24 nəfər iştirak edib.
Təlimi nazirliyin ümumi işlər və kadrlar şöbəsinin müdiri Tural Əliyev keçib. 2 günlük təlim zamanı iştirakçılarla Azərbaycan Respublikasının əmək qanunvericiliyi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri, əmək müqaviləsi, məzuniyyət hüququnun tənzimlənməsi və digər mövzular müzakirə olunub.
İştirakçılara mövzuları əhatə edən test tapşırıqları verilib və müvafiq qiymətləndirmə aparılıb. Nəticəyə uyğun olaraq təlimdə fəallıq göstərənlərə “Əmək münasibətlərinin praktiki uçotu” kitabı və Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, təlimin təşkilində məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.
Ərhan Novruzov