Yanvar ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 395 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 14 faiz çoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, onların 336 mininə paytaxt hava limanında xidmət göstərilib, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 40 min nəfər çoxdur. Naxçıvanın hava limanı 45 min sərnişinə xidmət göstərib, 12 min sərnişin ilə Gəncə şəhərinin hava limanı isə üçüncü yerdə qərarlaşıb.
Qeyd olunan dövr ərzində Azərbaycanın milli aviadaşıyıcısı AZAL 135 min, “Buta Airways” aşağıbüdcəli aviaşirkəti isə 51 min sərnişin daşıyıb.
Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 293 min nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı, “Türk Hava Yolları” (Türkiyə - 35 min sərnişin), “FlyDubai” (BƏƏ - 16 min), “AirArabia” (BƏƏ - 13 min), “Aeroflot” (Rusiya - 12 min), “Qatar Airways” (Qətər - 7,7 min), “UIA” (Ukrayna - 7,3 min), “SCAT” (Qazaxıstan - 5 min), “Lufthansa” (Almaniya - 3,9 min) və “Belavia” (Belarus - 3,7 min) daxil olub.
Yanvarda Heydər Əliyev Beynəlxalq Aeroportundan 32 sərnişin aviaşirkəti 50-dən çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər yerinə yetirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.