Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə keçirilən maarifləndirici tədbirlər davam edir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şahbuz və Kəngərli rayonlarında Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, həmçinin “Tibbi sığotra haqqında” Qanuna edilmiş dəyişiklikər barədə sahibkarların və mühasiblərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirlərdə qeyd edilib ki, 1 yanvar 2020-ci ildən etibarən səmərəli vergi nəzarəti mexanizminin qurulması məqsədilə əlavə dəyər vergisi ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatların aylıq olaraq əldə edilməsi nəzərdə tutulur.
Nəzərə çatdırılıb ki, dəyişikliklərə qədər vergi ödəyiciləri tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə qarşı tərəfə (alıcıya) elektron qaimə-faktura, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış ƏDV ödəyiciləri tərəfindən əlavə olaraq elektron vergi hesab-faktura təqdim edilirdi. Vergi ödəyiciləri üçün vergi inzibatçılığının sadələşdirilməsi və vergi ödəyiciləri arasında aparılan əməliyyatlar üzrə sənədləşdirmədə çevikliyin təmin edilməsi məqsədi ilə 1 yanvar 2020-ci il tarixindən etibarən elektron vergi hesab-faktura tam olaraq elektron qaimə-faktura ilə əvəz olunur və vahid sənəd formasında təqdim ediləcək.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2021-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu maddənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada müəyyən edilir.
Həmçinin yeniliklər haqqında sahibkarları maraqlandıran suallar cavablandırılıb.