2020-ci ildən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbul olunmasından imtina olunmasına görə vergiödəyicisinə müvafiq maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, bununla bağlı 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinin 58.7-ci maddəsində dəyişiklik edilib. Məcəllənin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılması qanun pozuntusu hesab olunur. Qeyd edilənlərlə yanaşı, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergiödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. Belə ki, vergiödəyicisi təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə 1000 manat, ikinci dəfə 3000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6000 manat maliyyə sanksiyasına məruz qalır.