Azərbaycan məhsulları fevralın 16-20-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Gulfood 2020” beynəlxalq qida sərgisində nümayiş olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində süd və süd məhsulları, bal, fındıq, meyvə şirələri, qənnadı, tərəvəz və konserv məhsulları, qurudulmuş meyvə və xurma istehsalı sahəsində fəaliyyət göstərən 20 Azərbaycan şirkəti məhsullarını təqdim edəcək. “Gulfood 2020” sərgisi çərçivəsində Azərbaycan sahibkarları görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.