Azərbaycanın energetika naziri OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun dəvəti ilə iyunun 21-23-də Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq. Nazir Vyanada OPEC-in “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçiriləcək 7-ci beynəlxalq seminarında iştirak edəcək.
NUHÇIXAN xəbər verir ki, Pərviz Şahbazovun “Dünya iqtisadiyyatı üçün neftin gələcəyi” adlı beşinci sessiyada çıxışı nəzərdə tutulub. Bundan başqa, energetika nazirinin OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında da iştirakı planlaşdırılır.
Pərviz Şahbazov OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.
Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.