Bu sözləri NUHÇIXAN-a “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”na münasibət bildirən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev deyib.
Mahir Əliyev bildirib ki, bu layihənin həyata keçirilməsi Naxçıvanın ixrac imkanlarını artıracaq və muxtar respublikanı bölgənin mühüm bir tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda Fars körfəzi ölkələri ilə birləşdirəcək. Bu , həm də “Dəmir İpək Yolu”nun bərpası deməkdir. Mahir Əliyev həmçinin deyib ki, bu layihənin həyata keçirilməsi ilə Naxçıvanın ixrac potensialı xeyli artacaq. Naxçıvan məhsullarının post-sovet ölkələrinə, Avropa və Asiya ölkələrinə rahat və birbaşa çıxışı təmin ediləcək. Hazırda muxtar respublikada minə yaxın çeşiddə məhsul istehsal olunsa da onların bazar problemi var. Bu problemin əsasını da blokada da olan Naxçıvanın nəqliyyat daşımalarındakı sıxıntıları təşkil edir.
Mahir Əliyevin sözlərinə görə, sovetlər birliyi dönəmində Naxçıvanın daş duzu, mineral suları, konserv və kənd təsərrüfatı, yüngül sənaye və digər ixrac yönümlü məhsulları dəmir yolu vasitəsilə daşınıb. Təkcə post-sovet ölkələrinə gün ərzində min tona yaxın daş duz məhsulları və bir milyon butulka mineral su göndərilib. Hazırda da bu məhsullara , eləcə də , Naxçıvanın daş və travertin, həmçinin, sement və digər məhsullarına tələbat böyükdür. Qars-İğdır-Naxçıvan dəmir yolunu layihəsinin icrası bu mənada muxtar respublika büdcəsinə böyük həcmdə vəsaitin daxil olması deməkdir. Layihə həmçinin mədənçilik, metallurgiya, maşınqayırma kimi vacib sahələrində inkişafına təkan verəcək.
Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru deyib ki, hazırda Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolları işlək vəziyətdədir. Layihə çərçivəsində muxtar respublikada da dəmir yollarının müasir ikiizli dəmiryolu sisteminə keçirilməsi, yeni işarəvermə və elektrik sistemlərinin, həmçinin digər infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Bu, yük və sərnişin daşınmasını ən müasir səviyyəyə yüksəldəcək. Həmçinin , soyuducu vaqonlardan istifadə etməklə muxtar respublikanın ekoloji təmiz və orqanik məhsulları dünya bazarına rahatlıqla çıxarılacaq. Tranzit imkanlar həm də Sovet dövründə də xeyli inkişaf etmiş məşhur Ordubad ipəkçiliyinin də şöhrətini özünə qaytaracaq.
Mahir Əliyevin sözlərinə görə, layihə Naxçıvanda turizmi də xeyli canlandıracaq.