Qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlığını təmin etmək yalnız elmi əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür. Belə bir şəraitdə ölkənin coğrafi baxımdan əsas hissəsindən quru yolu ilə birbaşa əlaqəsi olmayan, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Bütün bunların başlıca səbəbi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada uğurla davam etdirilməsidir. Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.
Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir innovativ müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır.
Naxçıvan Muxtar Respublikasında görülən işləri, həyata keçirilən tədbirləri, əldə edilən uğurları bir çox faktlarla təstiq etmək mümkündür ki, bu faktlardan biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” jurnalında ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqininin müəyyənləşməsi nəticəsində Naxçıvan Muxtar Respublikasının 2017 və 2018-ci illərdə 18 parametr üzrə ən yüksək bal toplayaraq lider olmasıdır. Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri çərçivəsində birgə strateji tərəfdaşlığa əsaslanan dövlət sənədlərinin imzalanması xüsusi ilə Naxçıvan Muxtar Respublikasının gələcək sosial-iqtisadi inkişafı baxımından Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin və Qars-Naxçıvan qaz xəttinin çəkilişi mühüm əhəmiyyət kəsb edir. Bu cür tarixi və mühüm sövdələşmə Naxçıvanın enerji və nəqliyyat potensialının, eləcə də alternativ istifadə imkanlarının tam hərəkətə gətirilməsinə əsas verir.
Bu gün artıq dünya brendinə çevrilmiş yüksək rəqabətqabiliyyətli Naxçıvan məhsulları dünyanın bir çox ölkələrinə dəmiryol nəqliyyatı ilə rahat bir şəkildə ixrac olunacaq. Bu isə öz növbəsində muxtar respublikanın davamlı və dayanıqlı iqtisadi inkişafını daha da sürətləndirmiş olacaq. Digər bir asbeqdən baxsaq Qars-İğdır-Naxçıvan dəmir yolunun fəaliyyətə başlanması ilə Naxçıvanın mövcut turizim potensialınından da səmərəli istifadə olunacaq. Gələn turist isə növbəti mərhələlərdə muxtar respublikaya özlüyündə yeni investisiya və iqtisadi yatırımlarla gələcək. Çünki bu gün muxtar respublikada münbit investisiya mühiti mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında 2020-ci il “İxrac ili” elan edilməsi də məhz elə ixrac potensialının daha da artırılmasına, sahibkarların və ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların dünya bazarına çıxarmalarına böyük stimul yaratmış oldu. Bu da muxtar respublikada sahibkarlığın inkişafına yönəlmiş mühüm tədbirlərin bariz nümunəsidir.
Sosial-iqatsadi inkişafa statistik rəqəmlərlə nəzər saldıqda 2009-cu ildən başlayaraq ixracın həcminin idxalı üstələməsinin sonrakı illərdə də davam etməsi aydın görünür. 2019-cu ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 497 milyon 68 min 600 ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 425 milyon 539 min 400 ABŞ dollarını ixrac, 71 milyon 529 min 200 ABŞ dollarını idxal təşkil edib və 354 milyon 10 min 200 ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Eyni zamanda muxtar respublikada 2020-ci ilin yanvar ayında 173 milyon 71 min 900 manatlıq ümumi daxili məhsul istehsal olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 376,4 manat olub.
Qeyd edək ki, bu göstəricilər muxtar respublikada makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunmasının mühüm göstəricisidir. Əminliklə qeyd etmək olar ki, bu gün muxtar respublikanın sosial-iqtisadi inkişafı daha da sürətlə inkişaf edir və bu inkişaf isə öz növbəsində ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Bunun üçün çox sağlam təməl yaradılıb və hərtərəfli biznes mühiti formalaşdırılıb. Deməli, həyata keçirilən dövlət proqramlarına uyğun olaraq ölkəmiz bütün sahələrində bundan sonra da inkişaf edəcək və şübhəsiz ki, bu işdə Naxçıvan Muxtar Respublikası da öz töhfəsini vermiş olacaq.
Nihad Mehbalıyev
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi