OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin (“OPEC+”) Birgə Texniki Komitəsinin (JTC) ekspertləri “OPEC+”u neft hasilatını daha da azaltmağa çağırıb.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, koronavirusun dünya iqtisadiyyatına artan təsirini qeyd edən “OPEC+” mütəxəssisləri bu həftə bir araya toplaşacaq neft nazirlərinə hasilatın daha da azaldılmasını tövsiyə ediblər.
JTC ikinci rüb ərzində neft hasilatının gündəlik 600 min barrel və ya 1 milyon barrel arasında azaldılmasını təklif edib.
Qeyd edək ki, martın 5-6 da Vyanada OPEC Nazirlər Şurasının 178-ci iclasının, eləcə də “OPEC+” ölkələrinin nazirlərinin 8-ci görüşünün keçirilməsi gözlənilir. OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 18-ci iclasının isə martın 4-də təşkili planlaşdırılır.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC +” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.