Gömrükçülər üçün rentgen avadanlıqlarının və yoxlama-baxış sistemlərinin istismarı üzrə təlimlər keçirilir
Gömrük orqanları əməkdaşları üçün rentgen avadanlıqlarının və yoxlama-baxış sistemlərinin istismarı üzrə təlimlər keçirilir.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NUHÇIXAN-a bildirilib ki, martın 4-dən başlayan bu təlimlər ABŞ-ın komitəyə texniki yardımı çərçivəsində təşkil edilib. Təlimlər “Smiths Detection” şirkətinin beynəlxalq təlimçilərinin iştirakı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasında və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunda keçirilir.
Martın 5-6-da Dövlət Gömrük Komitəsinin Akademiyasında yerləşən texniki nəzarət vasitələri laboratoriyasında “Smiths Detection” şirkətinin beynəlxalq təlimçisi Nikolay Semyonov gömrük orqanları əməkdaşlarına “B-Scan 16 HR-DV” və “Hİ-Scan 145180-2is Pro” markalı rentgen avadanlıqlarının istismarı üzrə müvafiq biliklər verib. “HCVM T” markalı mobil tipli yoxlama-baxış sisteminə dair operator kursu üzrə təlimlərin isə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunda keçirilməsi nəzərdə tutulur.
Təlimlərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Cənub Ərazi Baş Gömrük İdarəsi və “Azərterminalkompleks” Birliyi üzrə ümumilikdə 33 gömrük əməkdaşı iştirak edir.