İxrac təşviqinin ödənilməsi proseduru sadələşdirilib.
NUHÇIXAN xəbər verir ki, Baş Nazir Əli Əsədov “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar imzalayıb. Qərara əsasən, “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nda dəyişikliklər olunub.
Qərarın izahında deyilir ki, ixracın stimullaşdırılması və təşviqi ilə bağlı görülən kompleks işlər nəticəsində qeyri-neft məhsullarının ixracı dəyər ifadəsi ilə 2016-cı illə müqayisədə ümumilikdə 36,5 faiz artaraq 2018-ci ildə 1,7 milyard ABŞ dolları təşkil edib, 2019-cu ilin yanvar-avqust aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 15,1 faiz artıb. Sahibkarlardan daxil olan müraciətlər və beynəlxalq təcrübə göstərir ki, ixrac təşviqinin ödənilməsi prosedurunun sadələşdirilməsinə ehtiyac var. Bununla əlaqədar, yuxarıda adıçəkilən Qərarla təsdiq edilmiş Qaydaya dəyişiklik edilib.
Qərarda ixrac təşviqinin ödənilməsi üçün
- ərizəyə əlavə edilməli olan nəqliyyat sənədində təyinat ölkəsinin gömrük orqanının qeydlərinin olması tələbinin ləğv edilməsi;
- İqtisadiyyat Nazirliyi tərəfindən imzalanmış “məktub-sərəncam”ların elektron poçt vasitəsilə də Maliyyə Nazirliyinə təqdim edilməsi də Qaydada nəzərdə tutulub.
Qərarın qəbul edilməsi nəticəsində ixracın təşviqi mexanizminin sadələşdirilməsi və sürətləndirilməsi proqnozlaşdırılır.