Prezident: Son 16 il ərzində Azərbaycanda iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur
Son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Əgər varsa, desinlər, götürsünlər statistikaya baxsınlar, hansı ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib. Ondan sonra yoxsulluq, 50 faizə yaxın idi, indi 4,8 faizdir və daha da aşağı düşəcək. Çünki maaşlar, pensiyalar artır və artırılacaq, müavinətlər də həmçinin. Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni, istəsək, xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
“Bu illər ərzində iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır. Biz kosmik dövlətə çevrilmişik, üç peykimiz var. Dünya Astronavtika Konqresi 2022-ci ildə Bakıda keçiriləcək və bu haqqı biz gərgin mübarizədə qazanmışıq. Bu müsabiqədə 4 şəhər iştirak edirdi - Dehli, Rio-de-Janeyro, Sinqapur və Bakı. Biz bunu qazandıq. Nəyə görə? Çünki orada da bizə hörmət edirlər”,- deyə Azərbaycan Prezidenti vurğulayıb.