Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən icbari tibbi sığortanın tətbiqi, Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlı təlim paketləri hazırlanıb.
Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, tərtib olunan plan-qrafikə uyğun olaraq təlimlər dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan bütün təşkilatların, eləcə də muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aidiyyəti sahə üzrə çalışan işçilərini əhatə edərək, mütəxəssislərin qeyd olunan dəyişikliklərə hazırlıq səviyyələrinin artırılmasına hesablanıb.
Təlimlərə martın 5-dən start verilib, 68 büdcə təşkilatından 77, muxtar respublikada fəaliyyət göstərən 89 sahibkarlıq subyektindən 116 olmaqla, ümumilikdə, 157 təşkilat üzrə 193 maliyyə-mühasibat işçisi cəlb edilib. Keçirilən təlimlərdə Maliyyə Tədris Mərkəzinin direktoru tərəfindən ümumi məlumat verilib, təlimlərin əhəmiyyəti və məqsədi barədə danışılıb.
Maliyyə Nazirliyinin əməkdaşları təlimçi qismində təlim prosesinə cəlb edilib, onların təqdimatında tibbi sığortanın formaları, icbari tibbi sığortanın iştirakçılarının hüquq və vəzifələri, icbari tibbi sığorta üzrə sığorta haqları, onların məbləğləri və dərəcələri, hesablanması, ödənilməsi, hesabatın təqdim olunması, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin mahiyyəti və istiqamətləri barədə çıxışlar olub, məsələlərlə bağlı müvafiq tövsiyələr verilib. Təlimlərin sonunda iştirakçılara nazirlik tərəfindən hazırlanmış və keçirilən təlimin əsas məqamlarının qeyd olunduğu xülasə xarakterli bukletlər təqdim edilib.
Qeyd edək ki, növbəti dövrlərdə təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan maliyyə və mühasibat işçiləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.