Muxtar respublikada sənaye məhsulunun dəyəri ötən il 1 milyard manatı ötüb - FOTOLAR
Müasir və dayanıqlı iqtisadiyyatın yaradılması üçün sənayenin inkişafı əsas şərtdir. Son dövrlər muxtar respublikada bu sahənin inkişafı diqqətdə saxlanılıb, rəqabətədavamlı və ixracyönlü yeni məhsul növlərinin istehsalını həyata keçirən müəssisələr fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, əldə olunmuş uğurlar istehsalın şaxələndirilməsinə, enerji və ərzaq təhlükəsizliyinin, eyni zamanda səmərəli məşğulluğun təmin olunmasına, ümumilikdə, iqtisadiyyatın dinamik inkişafına yeni imkanlar yaradıb.
İlk dəfə 2019-cu ildə muxtar respublikada sənaye məhsulunun dəyəri bir milyard manatı ötüb ki, bu da 2010-cu ildəki göstəricidən 3,2 dəfə çoxdur.
Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma sənayesi, 94,1 faizi emal sənayesi, 5,4 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, 0,4 faizi isə su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi müəssisələrində istehsal olunub.
2019-cu ildə sənaye məhsulunun 5,9 faizi dövlət, 94,1 faizi isə qeyri-dövlət sektorunda qeydə alınıb. 2010-cu ildə isə bu göstəricilər müvafiq olaraq 12,3 və 87,7 faiz təşkil edib.
Muxtar respublikada 2019-cu ildə ümumi daxili məhsulun sahə strukturunda sənaye 27,6 faizlik payla ilk yerdə təmsil olunub. 2010-cu ildə isə ümumi daxili məhsulun sahə strukturunda sənayenin payı 18,3 faiz təşkil edib və sıralamada 3-cü yerdə olub.
Bu dövr ərzində hər bir nəfərə düşən sənaye məhsulu 2216,8 manat təşkil edib ki, bu da 2010-cu ildəki göstəricidən 2,9 dəfə çoxdur.
2019-cu ildə istehsal edilmiş sənaye məhsulunun 955 milyon 707 min 300 manatı emal sənayesində qeydə alınıb ki, bu da 2010-cu ildəki göstəricini 3,4 dəfə üstələyib.
Yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib, 2019-cu ildə 323 milyon 309 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.
“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası və 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi istehsal və emal fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının inkişafına stimul yaradıb.
Sənayenin inkişafı istiqamətində 2019-cu ildə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 10 milyon 944 min 900 manat kredit verilib ki, bu da 2010-cu ildəki göstəricidən 1,5 dəfə çoxdur.
Bu sahənin dinamik inkişafı bu sektorda işləyənlərin say tərkibinin davamlı artımına müsbət təsir göstərib. 2019-cu ildə sənaye sektorunda 16763 nəfər işçi çalışıb ki, bu da 2010-cu ildəki göstəricidən 30,4 faiz çoxdur. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2010-cu ildəki göstəriciyə nisbətən 40,9 faiz artaraq 416 manat təşkil edib.
Cari ilin ötən dövründə muxtar respublikada sənayenin inkişafı istiqamətində Şərur Sənaye Məhəlləsinin, yeni duz şaxtasının, mineral sular zavodunun, elektrik enerjisi istehsalı üzrə sahələrin, o cümlədən bərk sürtkü yağlarının, tullantı yağlarının yenidən emalı, odun kömürü, meyvə-tərəvəz məhsullarının qablaşdırılması üzrə taraların istehsalı sahələrinin yaradılması davam etdirilib.
Yeni məhsul növlərinin istehsalının təmin olunması sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, muxtar respublikanın ixrac potensialının artırılmasına müsbət şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, ixraca dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında 2020-ci il “İxrac ili” elan edilib.
Muxtar respublikada yerli istehsalın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasət sənayeləşmə prosesinin daha da sürətləndirilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına və möhkəmləndirilməsinə, ixrac imkanlarının genişlənməsinə yeni üfüqlər açmaqdadır.