Sahibkarlara, muzdlu işçilərə və aztəminatlılara dəstək veriləcək.
Bu sözləri Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamını NUHÇIXAN-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
O qeyd edib ki, dəstək proqramında məqsəd makroiqtisadi dayanıqlılığın qorunması, əhalinin sosial rifahı və iqtisadi inkişafın təmin edilməsidir: “Vəsait dövlət büdcəsindən ayrıldığından emissiya xarakteri daşımır və pul kütləsinin artımını şərtləndirmir, beləliklə monetar şəraiti yumşaltmaqla manatın məzənnəsinə və qiymətlərə təzyiq göstərmir. Ayrılan 1 milyard manat vəsait ÜDM-in 1,2 faizini və dövlət büdcəsinin 3,7 faizini təşkil etməklə əhəmiyyətli təsir gücünə malik olacaq. Azərbaycanda dəstək proqramının ÜDM-də və dövlət büdcəsində xüsusi çəkisi MDB məkanında bu göstərici üzrə ən yüksəkdir”.
“Keçən il maliyyə balansının gəlirlərinin (proqnoza əsasən) 34,1 milyard manatı və ya 53,5 faizini müəssisə və təşkilatların resursları təşkil edib. Ümumi maliyyə balansının təhlili göstərir ki, müəssiə resurslarının 86 faizini mənfəət, 14 faizini isə amortizasiya ayırmaları təşkil edir. Bu dəstək proqramı ilk növbədə müəssisələrin dayanıqlılığını təmin etməlidir ki, biznes ayaqda qala bilsin. Çünki biznesin xilası, onun iflası nəticəsində yaranan sosial-iqtisadi təsirlərin aradan qaldıdılması ilə müqayisədə daha ucuz başa gəlir. Dəstək proqramının həyata keçirilməsi həm də kölgə iqtisadiyyatının azalmasına xidmət edəcək, çünki biznes dövlətdən dəstək almaq üçün həmdə balansını “ağartmalıdır”. Xüsusilə, məşğulluğu daha geniş miqyasda təmin edən biznesə dəstək daha geniş olmalıdır. Məşğulluğun 14,5 faizini təmin edən ticarət və nəqliyyat vasitələrinin təmiri, 4,2 faizini təmin edən nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizini təmin edən turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizini təmin edən istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət dəstək proqramının mərkəzində olacaq. Bütün hallarda ödənişli ictimai işlər, özünüməşğulluq və ünvanlı sosial yardım kimi layihələrin əhatə dairəsinin artırılması gündəmdədir. “Məhsul və xidmətlər hesabı”nın təhlili göstərir ki, ötən il 203,7 milyon manat təşkil edən “məhsula və idxala subsidiyalar”ı bu il daha da artırmaqla prioritet sektorları dəstəkləmək mümkündür. Qlobal şokların təsiri altında həm əhali, həm də müəssisələr səviyyəsində ödəmələr və borclar problemi meydana çıxır. Dəstək proqramı zərərçəkən sektoralara, sahibkarlara, muzdlu işçilərə və aztəminatlı insanlarımıza dəstəyi nəzərdə tutur”, - deyə V.Qasımlı bildirib.
“Azərbaycan dövləti koronaböhranla mübarizədə heç bir xarici dəstəyə arxalanmadan, yalnız öz resursları ilə fəaliyyət göstərir. Hansı ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı başda olmaqla beynəlxalq qurumlar koronaböhranla mübarizədə ehtiyacı olan dövlətlərə yardım etməyə başlayıb. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19 müraciəti” adlı fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı etməklə həm də qlobal səviyyədə sosial məsuliyyətini ifadə edib”, - deyə o əlavə edib.