Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibləri müəyyənləşib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ilin mayında nazirlik və BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi tərəfindən “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət nazirlikləri, Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Ernst & Young Holdings (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan filialının tərəfdaşlığı ilə keçirilən müsabiqəyə iqtisadi, sosial və ekoloji sahələri üzrə 200-dən çox layihə təqdim edilib.
Qiymətləndirmə Komissiyasında innovativ ideyaların prioritetliyi, reallaşdırılmasının mümkünlüyü əsas götürülməklə 3 layihə qalib hesab olunub:
• Birinci yer - “The Secret of longevity” layihəsi;
• İkinci yer - “Nanomebrane” layihəsi;
• Üçüncü yer - “Rəqəmsal muzey” layihəsi.
Bununla yanaşı, innovativ fəaliyyətin dəstəklənməsi məqsədilə aşağıdakı layihələr həvəsləndirici mükafatlara layiq görülüb:
• Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nominasiyası üzrə “Çağır gəlsin”, “Heal with” və “Penteston” layihələri;
• Mədəniyyət Nazirliyinin nominasiyası üzrə “Rəqəmsal muzey” layihəsi;
• Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nominasiyası üzrə “Çağır gəlsin” layihəsi;
• “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycandakı filialının nominasiyası üzrə “Nanomebrane” layihəsi;
• BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin nominasiyası üzrə “Wasco” layihəsi.
Müsabiqənin qaliblərinə 1-ci yer üçün 5000 manat, 2-ci yer üçün 3000 manat və 3-cü yer üçün 2000 manat məbləğində mükafatlar veriləcək. Finala vəsiqə qazanan 2 layihə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə bu il yanvarın 28-31-də Estoniyada keçirilən “STARTUP Day” proqramında iştirak edib.
Qeyd edək ki, koronavirus pandemiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi rejim qaydalarına uyğun olaraq Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimi təxirə salınıb. Bununla əlaqədar olaraq, müsabiqənin qalibləri və həvəsləndirici nominasiyalara layiq görülənlər layihələr üzrə komanda üzvlərinin mükafatların bank hesablarına köcürülməsi üçün İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsi ilə əlaqə saxlaması xahiş olunur.
Əlaqələndirici şəxs: Nərmin Babayeva (310-28-00 (daxili 23-68), e-mail: “[email protected]”).