Neft Fondunun 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq edilən səviyyədə icra olunacağı proqnozlaşdırılır

A- A A+

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq edilən səviyyədə icra olunacağı proqnozlaşdırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Neft Fondunun İctimaiyyətlə əlaqələr departamenti son dövrlər baş verən hadisələrlə bağlı ARDNF barədə ictimaiyyəti maraqlandıran bir sıra məqamları nəzərə alaraq qeyd edilən məsələləri qruplaşdıraraq aşağıdakıları bildirir:

1. Cari ilin yanvar-mart ayları üzrə Dövlət Neft Fondunun xərcləri illik xərclərin 40 faiz səviyyəsində icra olunub. Xərclərin ilin sonuna kimi mövcud dinamika ilə artması gözlənilirmi?

- ARDNF-in 2020-ci il üzrə büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barrel üzrə qiyməti 55 ABŞ dolları səviyyəsində götürülüb və buna uyğun olaraq Neft Fondunun gəlirləri 12 milyard 384,1 milyon manat (7 milyard 284,8 milyon dollar) və xərcləri 11 milyard 589,9 milyon manat (6 milyard 817,6 milyon dollar) səviyyəsində proqnozlaşdırılıb.

Bu ilin yanvar-mart ayları üzrə neft və qazın satışı ilə bağlı ARDNF-ə ümumilikdə 2 milyard 219 milyon dollar, o cümlədən mənfəət nefti və qazının satışından 1 milyard 763 milyon dollar vəsait daxil olub və neftin xalis orta qiyməti 59 ABŞ dolları təşkil edib. Bununla yanaşı, həmin dövr üzrə Neft Fondunun xərcləri 2 milyard 763 milyon dollar (4 milyard 697 milyon manat) olub. Xərclərin cari ilin birinci rübündə çox olması həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər. Lakin qeyd etmək istərdik ki, ARDNF-in 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır və bu çərçivədə də təxminən 4 milyard dollar vəsaitin hərraclar vasitəsilə satışa çıxarılacağı gözlənilir.

2. Belə olan halda, yəni cari ilin ilk rübü ərzində Dövlət Neft Fondunun xərclərinin icrası gəlirlərini üstələdiyini nəzərə alındıqda bu, fondun investisiya portfelinə necə təsir edib? Hansı azalmadan söhbət gedir və ya hansısa vəsaitlərin məcburi satışı baş verib?

- Qeyd etmək istərdik ki, ARDNF-in büdcə proqnozları illik əsasda təsdiq edilir və nəzərdə tutulan büdcə ili üzrə icra səviyyəsi həmin ilin müəyyən dövrlərində müxtəlif olur. Belə ki, il ərzində həm dövlət büdcəsinin tələbindən, həm də valyuta bazarında tələbin dəyişməsindən asılı olaraq öhdəliklərin aylar üzrə eyni həcmdə icra olunmaması mümkündür. Bununla yanaşı, xam neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq il ərzində müxtəlif dövrlərdə fondun gəlirlərinin dinamikası fərqli templə arta bilər. Beləliklə, neftin qiymət amilindən və xərclərin müxtəlif dövrlərdə fərqli icra olunmasından asılı olaraq ARDNF-in aktivlərinin il ərzində hansısa dövrün sonuna ya artması, ya da azalması müşahidə oluna bilər. Lakin bundan asılı olmayaraq, Neft Fondunun xərcləri üçün illik yuxarı hədd müəyyən edildiyindən, müxtəlif aylarda icra fərqli olsa da, ARDNF-in illik büdcə öhdəliyi dövlət büdcəsində təsdiq olunan səviyyədən yüksək ola bilməz. Bir sözlə Dövlət Neft Fondunun vəsaitlərindən əldə edilən gəlirləri istisna etsək, fondun vəsaitlərinin hər ilin sonuna olan səviyyəsinə təsir edən tək amil neftin dünya bazarındakı qiymət tempidir.

Məlum olduğu kimi, hər il ARDNF-dən dövlət büdcəsinə müəyyən edilmiş həcmdə transfertlər həyata keçirilir və fond da öz növbəsində bu xərcləri qarşılamaq üçün ən azı həmin məbləğ qədər çox qısa müddətli aktivləri investisiya portfelində saxlayır. Bununla yanaşı, Neft Fondunun vəsaitləri həm də ölkə iqtisadiyyatı üçün xarici şoklar zamanı “təhlükəsizlik yastığı” rolunu oynayır və dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir. Bunu nəzərə alaraq ARDNF-in vəsaitlərində heç bir zərərə səbəb olmadan dərhal istifadə edilə biləcək yüksəkkeyfiyyətli likvid alətlər önəmli hissəni təşkil edir. Belə ki, fondun aktivlərinin 70 faizə qədərini borc öhdəlikləri və pul bazarları alətləri portfeli təşkil edir. Mart ayının sonuna yalnız ABŞ dollarında ifadə olunan aktivlərdə gəlir əldə edilən nağd vəsaitlərin həcmi təxminən 4 milyard dollara bərabərdir. Bununla yanaşı, təkcə ABŞ dollarında ifadə olunan istiqraz portfelində yalnız əsas məbləğin qaytarılmasına görə təqribən 2,4 milyard dollar həcmində nağd vəsait ARDNF-ə daxil olacaq. Bir daha qeyd edirik ki, Neft Fondunun öhdəliklərinin yerinə yetirilməsi istiqamətində investisiya portfelinə daxil edilən aktivlərin heç bir zamansız və məcburi satışına ehtiyac yoxdur.

3. Dünya maliyyə bazarlarındakı dalğalanmalar ARDNF-in portfelinə necə təsir edir?

- Təbii ki, bu gün dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-in də daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür. Bu gün Neft Fondunun investisiya portfelinin 80 faizdən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Bir daha qeyd edirik ki, beynəlxalq maliyyə bazarları dünya iqtisadiyyatının güzgüsüdür. Əgər bu gün bütün dünyada insanlar daha az məhsul və xidmətlər istehlak edir, şirkətlər bunun müqabilində öz istehsal imkanlarından daha az istifadə edirlərsə, bu o deməkdir ki, onların gəlirləri azalır və nəticə etibarilə də bu onların birjada kotirovka olunan səhmlərinin qiymətinə təsir edir. Həmin səhmlər də bu gün demək olar ki, bütün institusional investorların portfellərinin tərkib hissəsidir. Digər suveren fondlar kimi ARDNF-in də investisiya portfelində bu dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaqdır və fondun informasiya siyasətinə uyğun şəkildə ictimaiyyətə çatdırılacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: