Fransa portalı Azərbaycanın iqtisadi inkişafından yazır - FOTOLAR
Fransanın “Entreprises-et-decideurs” portalında “Azərbaycan: iqtisadi tərəqqi və sərmayə axtarışı” sərlövhəli məqalə dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Avropa, Asiya və Yaxın Şərqin qovuşuğunda yerləşən, Fransanın Qafqazda birinci ticarət tərəfdaşı olan Azərbaycanın iqtisadiyyatından, sərmayə yatırımı imkanlarından bəhs olunur. Bildirilib ki, zəngin karbohidrogen və təbii ehtiyatları sayəsində ölkəmiz dünyada əsas iqtisadi oyunçuya çevrilib.
Məqalədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin 2019-cu ilin iyul ayında Bakıya səfərindən və bu səfərin iki ölkə arasında iqtisadi mübadilənin davamlı inkişafının yeni mərhələsinin başlanğıcı olmasından söz açılıb. Həmçinin 1993-cü ildə ulu öndər Heydər Əliyevin ilk rəsmi səfərini Fransaya etməsindən və bu səfərdən sonra iki ölkə arasında əlaqələrin inkişafının sürətlənməsindən danışılıb. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsin”dən sonra ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı diqqətə çatdırılıb.
Bununla yanaşı, Ələt azad iqtisadi zonası, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də TANAP - Transanadolu qaz boru xətti layihələri haqqında məlumat verilib. Fransanın böyük şirkətlərinin ölkəmizdə fəaliyyətinə toxunulub. Habelə Azərbaycanın ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən, Fransada mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdən danışılıb.