Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirilir və bu islahatlar çərçivəsində iqtisadiyyatın divertisifikasiyası, qeyri-neft sektorunun stimullaşdırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət sahibkar münasibətlərinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində kompleks tədbirlər görülür.
Yeni iqtisadi şəraitdə ölkəmizdə həyəta keçirilən inkişaf strategiyası, ilk növbədə regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi idxaldan asılılığın azaldılması və ixracyönümlü məhsul istehsalına keçməklə iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Regionun kompleks inkişaf məqsədi onun ərazisində formalaşan potensialın istifadəsi və təkrar istehsalı üçün zəruri olan vəzifələrin, əsas tədbirlərin hazırlanması və tətbiqi ilə mümkündür. Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəfəqiyyətlə davam etdirilməsi nəticəsində qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənibdir. Ölkə prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında 2003-cü il 24 noyabr tarixində imzaladığı fərmanla müəyyən edilmiş sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər bu sahədə əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirib. Digər tərəfdən iqtisadiyyatın bütün sahələrində inkişafa istiqamətləndirilmiş tədbirlərin ayrı-ayrı dövlət proqramları çərçivəsində həyata keçirilməsi ümumi nəticədə səmərəliliyi xeyli artırıb, ümumiqtisadi inkişafın mərkəzlə yanaşı regionlara doğru istiqamətlənməsində müstəsna əhəmiyyət kəsb edib.
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar artıq öz bəhrəsini verməkdədir. İslahatlar nəticəsində iqtisadiyyatın bütün sektorlarının sürətli və daha çox artması, tədiyyə balansında müsbət saldoların yaranması bunu bir daha təsdiqləyir. Bütün bunları doqquz ayın sosial-iqtisadi göstəricilərinə nəzər yetirdikdə də aydın şəkildə görürük. Həqiqətən də iqtisadi göstəricilər onu deməyə əsas verir ki, artım daha çox qeyri-neft sektoru istehsalı ilə formalaşıb və praktik olaraq bu sahədəki artım ümumi iqtisadiyyatdakı artım tempinin qorunub saxlanmasına imkan yaradır.
Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub;
Qeyri-neft sənayesi 15 faizdən çox artıb;
Valyuta ehtiyyatları 50 milyard dollara çatıb;
İqtisadiyyata 10 milyard 146,2 milyon manat investisiya yatırılıb;
Sahibkarlara 130 milyon manat güzəşti kredit verilib;
Müxtəlif ölkələrə 7 ixrac missiyası təşkil olunub;
186 ölkə ilə ticarət əlaqələri aparılıb;
Xarici ticarət dövriyyəsi 25,3 milyard dollar olub;
İxrac məhsullarının çeşidlərinin sayı artaraq 2780-ə çatıb;
Qeyri-neft ixracı 15,5 faiz artaraq 1,4 milyard dollara çatıb;
Sənaye parklarında 564 milyon manatlıq məhsul istehsal edilib;
8 KOB Dostu fəaliyyətə başlayıb;
Kənd təsərrüfatı 7 faizdən çox artıb;
İnflyasiya 2 faizdən bir qədər çoxdur;
2 sosial paketlə 4,2 milyondan çox insanın maddi vəziyyəti yaxşılaşıb;
Minimum əmək pensiyası 200 manata çatdırılıb;
Minimum əməkhaqqı 250 manata yüksəlib;
903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib;
Məcburi köçkünlər üçün 106-cı qəsəbə istifadəyə verilib;
Xarici borc ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir.
Ümumiyyətlə, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar sayəsində artıq mərhələli şəkildə iqtisadi artımın neft sektorundan qeyri-neft sektoruna transfer olunduğunu görməkdəyik. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hesab edir ki, bu artım daha yüksək ola bilər. “Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.
Yüksək göstəricilərdən biri kənd təsərrüfatının inkişafında da müşahidə olunub. Son illərdə inkişafı prioritet sahə kimi müəyyən edilən kənd təsərrüfatına böyük investisiyalar qoyulması, subsidiyaların, güzəştli şərtlərlə kreditlərin verilməsi də bu inkişafı daha da sürətləndirib. Elə doqquz ayda kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faizlik artıma nail olunması da bunun təsdiqidir. Bu da əlbəttə ki, həm Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin, xüsusən də xarici və yerli investorlara yaradılan əlverişli şəraitin uğurlarıdır desək, yanılmarıq. Həm sosial-iqtisadi islahatlar, həm də xarici, yerli iş adamları üçün yaradılan əlverişli investisiya mühiti, sahibkarlığa başlama, həm də digər proseslərlə bağlı həyata keçirilən uğurlu layihələr beynəlxalq reytinq təşkilatlarının da diqqətindən yayınmır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi sırasına daxil olması, rəqabətqabiliyyətli indeksində ölkəmizin öz mövqelərini yaxşılaşdıra bilməsi bunu bir daha təsdiqləyir. Bu da ondan xəbər verir ki, əslində islahatlar makroiqtisadi sabitliyin qorunub saxlanmasına və makroiqtisadi göstəricilərdə artım tempinin formalaşmasına və qorunub saxlanmasına imkan yaratmaqla yanaşı, həm də beynəlxalq səviyyədəki mövqeyimizin möhkəmlənməsinə səbəb olur. Əlbəttə ki, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Dünya İqtisadi Forumunun mütəmadi olaraq diqqət yetirdiyi bir ölkəni digər xarici investorlar da ciddi şəkildə izləyirlər. Bu isə Azərbaycana yeni əməkdaşlıq imkanları üçün şərait yaradır. Azərbaycanda iqtisadi sahədə islahatların uğurlu davam etməsi aparıcı beynəlxalq maliyyə qurumlarının da diqqətindən yayınmır: “Doing Bussines” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenədə 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümümdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Bütün bunlar əlbəttə ki, görülən işlərə verilən yüksək qiymətdir. Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünəməşğulluq proqramı geniş vüsət alır. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə MDB məkanında I, orta aylıq pensiyanın həcminə görə isə III yerdədir.
Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Beynəlxalq aparıcı maliyyə qurumları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlər bunu deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir. Görülən işlərə ən böyük qiyməti isə Azərbaycan xalqı verir. Aparılan sorğulara əsasən onu demək olar ki, əhalinin mütləq əksəriyyəti ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasəti birmənalı şəkildə dəstəkləyir.
Nuriyyə İbrahimova
Naxçıvan Dövlət Universiteti
İqtisad üzrə fəlsəfə doktoru, dosent