Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ən uzun qatar Bakıya çatıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 940 metr uzunluğunda və 82 konteynerdən ibarət olan qatarda Türkiyədə istehsal olunan ixrac məhsulları daşınır. Yüklər Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün nəzərdə tutulub. Qatarın Türkiyədən Özbəkistana qədər məsafəni 9 günə qət edəcəyi gözlənilir.
Daşımanın Azərbaycan, Türkmənistan və Özbəkistan üzərindən operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir. Blok qatardakı 20 konteynerin son təyinat məntəqəsi Azərbaycandır. Konteynerlərdən 30-u Ələt limanından gəmilərlə Türkmənbaşı, 24-ü Aktau, 8-i isə Kurık limanlarına çatdırılacaq.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci il oktyabrın 30-da açılıb. Bu dəmir yolu xətti Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür.