Vergi güzəştləri və tətilləri vergiödəyicilərinin yükünü azaldacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı “Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi”ndə deyilir.
Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərərçəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur. Bununla əlaqədar, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi hazırlanıb.
Vergi güzəştləri və tətilləri ilə bağlı təkliflər paketi koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış İşçi Qrup çərçivəsində dövlət qurumları, sahibkarların ictimai təşkilatları, o cümlədən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) xətti ilə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub.
Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub. Təkliflər paketində aşağıdakı vergi güzəştləri və tətillər nəzərdə tutulur. Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergiödəyicilərinə 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir.
Belə fəaliyyət sahələrinə aşağıdakı istiqamətlər aiddir:
- Yerləşmə vasitələri hesab edilən mehmanxana (otel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
- Turoperator və turagent fəaliyyəti;
- İctimai iaşə fəaliyyəti;
- Avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
- Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
- Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
- İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;
- Hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti;
- Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti Nazirlər Kabineti tərəfindən tam və ya qismən məhdudlaşdırılmış digər fəaliyyət sahələri.