İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan Prezident İlham Əliyev regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının icrasını daim diqqətdə saxlayır. Dövlətimizin başçısı qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi vurğulayır. Bu baxımdan son illərdə respublikamızda enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər miqyası və əhəmiyyəti ilə seçilir. “Azərenerji” ASC-nin yenidən qurulan baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışındakı nitqində Azərbaycan dövlətinin energetika sahəsinə çox böyük əhəmiyyət verdiyini önə çəkən dövlətimizin başçısı İlham Əliyev bu rəqəmi də açıqladı ki, son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilib. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
V.Rəhimzadə vurğulayıb ki, enerji təminatı hər bir ölkə üçün strateji sahədir. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafında su, qaz, enerji təminatının əsas rol oynadığı inkaredilməzdir. Ölkəmizdə əhalinin və sənaye potensialının artımı bu amili zərurət çevirir ki, energetika sahəsi daim diqqət mərkəzində olsun. Prezident İlham Əliyevin çıxışlarında da bu məqam öz əksini tapır ki, Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Atılan addımlar nəticəsində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrildi.
“Dövlətimizin başçısı açılış mərasimindəki nitqində bu vacib məqama da diqqəti yönəltdi ki, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf, sənaye potensialımızın artması, eyni zamanda, qonşu ölkələrlə enerji xətlərinin təmin edilməsi, inşası ona gətirib çıxarıb ki, xarici investorlar artıq bu sahəyə böyük maraq göstərirlər”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın hər sahədə qazandığı uğurlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında mövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında daim liderliyini qoruyan Azərbaycanın enerji sahəsində də reytinqi diqqətçəkəndir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb. Dünya miqyasında isə ikinci yerdəyik. Azərbaycan bu göstəriciyə görə ən inkişaf etmiş ölkələri qabaqlayıb.
O da bildirilib ki, Prezident İlham Əliyev uğurlarımız fonunda hədəfləri açıqlayarkən qeyd edib ki, hələ görüləcək işlər çoxdur. “Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək. Beləliklə, elektrik enerjisi ilə təminat daim yüksək səviyyədə olacaq.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, görüləcək işlərdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bunların təməlində generasiya güclərinin yaradılması dayanır. Hazırda ehtiyatda ən azı 1000 meqavat generasiya gücümüz var. Mövcud stansiyaların güclərinin bərpası artıq başa çatır. Paylayıcı şəbəkənin müasir standartlara cavab verməsi gündəlikdə duran əsas məsələlərdən biridir.
Baş redaktor bildirib ki, Prezident İlham Əliyev açılış mərasimindəki nitqində müstəqilliyinin 30 yaşı hələ tamam olmayan Azərbaycanın enerji təminatının özəl qurumların əlində olduğu dövrə də diqqət yönəldib. Dövlətimizin başçısı bildirib ki, bu praktika özünü doğrultmadı. Yaranmış problemləri, çatışmazlıqları aradan qaldırmaq istiqamətində ciddi addımlar atıldı və bugünkü inkişaf səviyyəsinə nail olduq.
V.Rəhimzadə bu fikri də xüsusi vurğulayıb ki, günümüzün əsas çağırışlarından olan yeni iş yerlərinin yaradılması, ilk növbədə, infrastrukturun yüksək səviyyədə qurulmasını tələb edir. Özünüməşğulluğun təminatı, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi, ABAD mərkəzlərinin sayının genişləndirilməsi və fəaliyyətlərinin yüksək səviyyədə qurulması infrastrukturun yenilənməsini daim aktuallaşdırır. Təsadüfi deyil ki, bu gün paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırılır. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz uğurlarımızdan biri məhz qeyri-neft sektoruna investisiya yatırımının həcminin ilbəil artmasıdır. Ölkə əhalisi günümüzün əsas tələbatlarından olan enerji təminatından razılıqlarını ifadə edir. Azərbaycan çox müasir enerji sisteminə malikdir.