Bərbər və taksi sürücülərinin vergi və sosial yükü azaldılacaq

A- A A+

Sabit qəbz və fərqlənmə nişanı ilə çalışanların sosial sığorta yükü azaldılacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı “Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi”ndə deyilir.

Bildirilir ki, sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergiödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri təklif edilib.

Misal 1: Bakıda fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 30 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 92,5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47,5 faiz azalma deməkdir.

Misal 2: Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 18 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80,5 manat təşkil edir. Dəyişiklikdən sonra bu şəxslər 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu, bütövlükdə 51,5 faiz azalma deməkdir.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim edilib. Təkliflər paketində bir sıra vergi güzəştləri və tətillər nəzərdə tutulur.

Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergiödəyicilərinə 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir. Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, bu il yanvarın 1-dən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi planlaşdırılır.

Bundan başqa, pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Bu güzəştlər vergiödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur. Koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün vergi güzəştlərinin verilməsi planlaşdırılır. Bir sıra vergi güzəştləri və azadolmaların bütün sahibkarlıq subyektlərini əhatə etməsi gözlənilir. Həmçinin məcburi dövlət sosial sığorta haqqı dərəcələri də endirilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: