2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8 faiz, sərnişin daşınması 0,9 faiz artıb. Yük və sərnişin daşınmasından bütövlükdə 11 milyon 991 min 400 manat gəlir əldə edilib ki, bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2020-ci ilin yanvar-mart aylarında Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd avtomobil yollarının yenidən qurulması başa çatdırılıb.
Naxçıvan şəhərində avtomobil yolunun, Culfa-Ordubad magistral avtomobil yolunun, Culfa şəhərində, Şərur rayonunda Şərur şəhərinə giriş və Muğancıq-Mehrab kəndində avtomobil yollarının yenidən qurulması davam etdirilib, Şərur rayonunun Qarabürc, Culfa rayonunun Camaldın, Babək rayonunun Nəcəfəlidizə kəndlərində avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması başa çatdırılıb. Hazırda Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi davam etdirilib, alçaq sərnişin platformasının və dartı yarımstansiyası binasının, Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulmasına başlanılıb.
Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.