Aşağı karbon emissiyalı ehtiyatlardan istifadə artacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
IEA-ya görə, külək, günəş, su elektrik və atom enerjisi kimi aşağı karbon emissiyalı mənbələrindən istifadə cari ildə də artmaqda davam edəcək. Bu enerji növləri qlobal enerji istehsalının 40 faizini ödəyəcək. Bununla da aşağı karbon emissiyalı mənbələrin elektrik enerjisi istehsalınını həcmi kömürdən alınan enerjini üstələyəcək. Külək və günəş enerjisi istehsalı 2019-cu ildə və cari ilin əvvəlində tamamlanan yeni layihələrin təsiri ilə ilin qalan dövründə də artmaqda davam edəcək.
Bərpolunan enerji mənbələri bu il artacaq. Yeganə mənbə olsa da, bu artım digər illərlə müqayisədə daha aşağı səviyyədə qalacaq. Cari ildə bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı 5 faiz çoxalacaq. Atom enerjisindən elektrik enerjisi istehsalında isə 2019-cu ildə qeydə alınan rekorddan sonra 3 faiz azalma olacaq. Bu mənbələrdən istehsal kömür və təbii qazdan alınan elektrik enerjisinə olan tələbata da təsir edəcək.
Qlobal elektrik istehsalında kömür və təbii qazın payı 3 faiz azalmaqla 2001-ci ildən bəri minimum səviyyəyə enəcək. Qlobal kömür tələbatı isə bu il 8 faiz geriləyəcək və İkinci Dünya Müharibəsindən bəri ən böyük azalma göstərəcək. Kömürdən elektrik enerjisi istehsalı 2018-ci ildə qeydə alınan maksimum göstəricidən sonra cari ildə 10 faizdən çox azalacaq. Təbii qaza olan tələbat isə 10 illik davamlı artımdan sonra bu il 5 faiz azalacaq.
Bütün bu proseslərin təsiri ilə qlobal enerji əsaslı karbon tullantıları cari ildə 8 faiz azalaraq 2010-cu ildən bəri ən aşağı səviyyəyə çatacaq. Bu, indiyədək qeydə alınan ən böyük azalmadır.