Bu gündən OPEC və bəzi qeyri-OPEC ölkələri (OPEC+) neft hasilatının məhdudlaşdırılması üzrə sazişin icrasına başlayır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 9-da “OPEC+” formatının 23 iştirakçı ölkə dünya bazarlarında COVID-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neftə olan tələb-təklifin tarazlaşdırılması üçün cari il mayın 1-dən etibarən neft hasilatının barədə razılığa gəlib. Azərbaycan da “OPEC+” iştirakçısı kimi görüşdə iştirak edib və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı mütənasib öhdəliklər götürüb. Belə ki, cari ilin may və iyun aylarında Azərbaycan üzrə gündəlik hasilat 554 min barreldən, iyul-dekabr aylarında 587 min barrel, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 620 min barreldən yuxarı olmamalıdır. Qeyd olunan göstəricilər yalnız xam neftin hasilatına aiddir. Məhdudiyyətlər qaz kondensatının hasilatına şamil edilmir.
Beləliklə, may-iyun aylarında ölkə üzrə xam neft hasilatı 2020-ci il üzrə təsdiq edilmiş plan göstəricilərinə nisbətən gündəlik 96 min barrel, iyul-dekabr aylarında 63 min barrel, 2021-ci ilin yanvar və 2022-ci ilin aprel ayları arasında isə 30 min barrel həcmində azaldılacaq.
“Azneft” İstehsalat Birliyi ilk dövrdə gündəlik hasilatı 17 min barrel həcmində azaldaraq 100 min barrel səviyyəsinə endirməyi, sonrakı dövrdə tədricən artıraraq ümumi hasilata gündəlik 5 min barrel, gələn ildən etibarən isə daha 6 min barelin əlavə edilməsini, beləliklə 2021-ci ildə ümumi neft istehsalının sutkada 111 min barrel səviyyəsinə çatdırılmasını özündə əks etdirən proqram hazırlayıb.
“Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının gündəlik hasilatının may və iyun aylarında 76 min barrel azaldılması nəzərdə tutulur. Sonrakı dövrdə yataqların əməliyyatçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hasilatda gündəlik 27 min barrel, gələn ildən etibarən isə əlavə olaraq sutkada 26 min barrel artıra biləcək. Beləliklə, 2021-ci ildə ABƏŞ üzrə hasilatın səviyyəsi gündəlik 487 min barrel proqnozlaşdırılır. Digər əməliyyat şirkətləri hasilat səviyyəsini ilk dövrdə gündəlik 3 min barrel azaldacaq, iyul-dekabr aylarında sutkada min barrel, gələn il isə daha min barrel artıra biləcək.
“OPEC+” razılaşmasından irəli gələn tədbirlər nəticəsində cari ilin may-dekabr aylarını əhatə edən dövrdə Azərbaycanın xam neft hasilatı ümumilikdə 17,4 milyon barrel azaldılaraq 141,8 milyon barrel təşkil edəcək. 2021-ci ildə ölkə üzrə bu göstərici 30,7 milyon ton və ya 226,3 milyon barrel həcmində proqnozlaşdırılır. Qaz-kondensat yataqlarını istismar edən “Şahdəniz” konsorsiumunun və “Umid Babek Operating Company” əməliyyat şirkətinin karbohidrogen hasilatı, eyni zamanda, SOCAR-ın “Azneft” İB-nin və “Bahar Energy Operating Company Limited” əməliyyat şirkətinin kondensat hasilatı bu göstəricilərə daxil deyil.
Hasilatın azaldılması misli görünməmiş həcmləri əhatə edir
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, “OPEC+” ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel müəyyənləşdirilib.
Eyni zamanda, Səudiyyə Ərəbistanı, Kuveyt və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən aprel ayında planlaşdırılan gündəlik 2,7 milyon barrel həcmində nefti istehsal etməyib. Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” gündəlik hasilatını 12 milyon barreldən 8,5 milyon barrelə endirib. Rusiya da tarixidə ilk dəfə neft hasilatına böyük həcmdə məhdudiyyət tətbiq edib.
“OPEC+” formatından kənar ölkələrin də hasilatı azaldır. ABŞ Meksikanın öhdəliyinin 300 min barrelini öz üzərinə götürüb. ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçıları gündəlik neft istehsalını 4-5 milyon barrel həcmində könüllü şəkildə azaldır. İran, Venesuela və Liviya da gündəlik xam neft hasilatını 2,8 milyon barrel aşağı salacaq. Qərbi Avropada neftin ən böyük neft istehsalçısı olan Norveç isə hasilatı iyunda gündəlik 250 min barrel və ilin ikinci yarısında sutkada 134 min barel azaldaq. Bundan başqa, bir neçə yataqda hasilat 2021-ci ilə qədər təxirə salınacaq.
Beləlikdə də mayın 1-dən etibarən dünya neft bazarına ümumilikdə gündəlik 20 milyon barrel az neft daxil olacaq.