Davamlı və dayanıqlı iqtisadi inkişaf

A- A A+

Əsası Azərbaycan xalqının ümümilli lideri Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan iqtisadiyyatı son illərdə sürətlə inkişaf edir.   Aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə bu sahədə əhəmiyyətli irəliləyişlərə imkan yaradır. Bu baxımdan qeyri-neft sektorunun inkişaf etdirilməsində sənaye və kənd təsərrüfatı sahələri xüsusi əhəmiyyət kəsb edir.

Milli iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olan regional inkişafa  xüsusi diqqət yetirilir. Mövcud təbii ehtiyatlardan və əmək resurslarından tam və səmərəli istifadə etmək əsasında regionların iqtisadi inkişafını sürətləndirmək və miqyasını genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü, rəhbərliyi və nəzarəti ilə dövlət proqramlarının qəbul olunaraq həyata keçirilməsi ardıcıl təmin edilib.

Regional dövlət proqramının icrası digər regionlarda olduğu kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında da mühüm mərhələdir. Keçən dövr ərzində muxtar respublikada genişmiqyaslı infrastruktur layihələri gerçəkləşdirilib, iqtisadiyyatın bütün sahələri üzrə islahatlar aparılıb və  yeni təsərrüfatçılıq sistemi formalaşdırılıb. Rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, bunun nəticəsində yeni iş yerləri yaradılıb. Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi öz bəhrəsini verməkdədir. İqtisadi inkişafın mühüm göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) tərkibində sənayenin ilk yeri tutması da bunu bir daha sübut edir. Belə ki, muxtar respublikada 2020-ci ilin ilk rübündə ümumi daxili məhsul istehsalı 548 milyon 388 min 900 manat olub. Bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artaraq 1192,1 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,3 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 53,3 faiz təşkil edib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk rübündə sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,4 faiz, kənd təsərrüfatı məhsulu 2,5 faiz, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri 2,1 faiz artıb. Ötən dövrlər ərzində muxtar respublikada qəbul olunan mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın diversifikasiyasına, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına nail olunub.  Növbəti mərhə­lədə iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib.

Bu gün muxtar respublikada sənaye sahəsi ilə yanaşı kənd təsərrüfatı sahəsi də olduqca yüksək səviyyədə inkişaf etməkdədir. Kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması təsərrüfatçılara yeni stimul verib, muxtar respublikada əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilən və icrası uğurla başa çatdırılan “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmçinin “Naxçıvan Muxtar Respublikasının 2014-­2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi muxtar respublika iqtisadiyyatını gücləndirərək kənd təsərrüfatının kompleks inkişafını təmin edib. Həyata keçirilən tədbirlər əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbinə, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunmasına müsbət şərait yaradıb. Belə ki, muxtar respublikada 2020-ci ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 2,5 faiz çox, yəni 29 milyon 652 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. 2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6 min 330,5 ton ət, 13 min 60,7 ton süd istehsal edilib. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,7 və 1,8 faiz çoxdur. Etibarlı ərzaq təminatı sisteminin yaradılması öz növbəsində ixrac potensialını da artırıb. 2020-ci ilin ilk rübündə muxtar respublikadan 12 milyon 153 min 500 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.

Bu gün muxtar respublikada iqtisadiyyatın bütün sahələri üzrə davamlı və dayanıqlı inkişafın təmin olunması həyata keçirilən düşünülmüş uğurlu iqtisadi siyasət, qəbul olunmuş dövlət proqramlarının, azad rəqabət mühitinin yaradılmasından irəli gəlir. Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin arzuladığı kimi Naxçıvanın uğurlu sosial-iqtisadi tərəqqisi nəticəsində mümkün olub. Beləliklə, muxtar respublikanın uğurlu sosial-iqtisadi inkişafı ölkəmizin sosial-iqtisadi inkişafında mühüm yer tutur ki, bu da gələcəkdə ölkəmizin beynəlxaq təşkilatların reytinqində daha da yüksək nailiyyətlər qazanmasına müsbət şərait yaradır.

 

Nihad Mehbalıyev

Naxçıvan Dövlət Universitetinin

İqtisadiyyat kafedrasının müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: