“Gilan Tekstil Park”ın tibbi maska fabrikində ilkin mərhələdə gündə 140 min maska istehsalı planlaşdırılır
“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikində ilkin mərhələdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova mayın 12-də Sumqayıtda MMC-nin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib.
O qeyd edib ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.