Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxarır. Bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma şərait yaradır.
Elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, Dövlət-vətəndaş münasibətlərinin müasir əsaslar üzərində qurulması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması kimi məsələlər ölkəmizdə aktuallıq kəsb etməkdədir. Muxtar respublikada da rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın da əsas məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir.
Dövlət Proqramında 14 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuşdur. Bu tapşırıqların icrası 2020-ci ilin yanvar-mart aylarında diqqətdə saxlanılmış, mövcud ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Banklar tərəfindən ticarət, iaşə və digər xidmət obyektlərində 56 təmassız ödəniş etməyə imkan verən POS-terminal və 9 çoxfunksiyalı ödəniş terminalı quraşdırılmışdır.
Proqramda mühüm əhəmiyyət kəsb edən tapşırıqlardan biri ödəniş xidmətləri üzrə tarif siyasətinin optimallaşdırılmasıdır. Bu istiqamətdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətində POS-terminal dövriyyəsi olan hər bir sahibkara dövriyyəsinə uyğun olaraq təminatsız 15 faizlə biznes kreditləri verilir.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlər muxtar respublikada nağd dövriyyənin həcminin minimuma endirilməsi və nağdsız ödəniş mühitinin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Bu istiqamətdə mühüm tədbirlərdən biri də özəl sektorda işçilərin əməkhaqlarının nağdsız formada ödənişi prosesidir. Proqramın qüvvədə olduğu müddətdə bu prosesin başa çatdırılması nəzərdə tutulur. Cari ilin yanvar-mart aylarında özəl sektorda 35 vergi ödəyicisi üzrə ümumilikdə 253 işçinin əmək haqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilmişdir.
Elektron xidmətlər müasir dövrümüzün, gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qloballaşma və inteqrasiya prosesləri ilə xarakterizə olunan indiki dövrdə hər hansı sahədə davamlı və dinamik uğurları elektron xidmətlərsiz təsəvvür etmək qeyri-mümkündür. Qlobal məkana sürətlə inteqrasiya olunan muxtar respublikamızda da elektron xidmətlərin tətbiqi və genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Ötən dövrdə muxtar respublikada fəaliyyət göstərən aviakassalarda quraşdırılmış 10 POS-terminal vasitəsilə 100 min 645 manat, avtovağzallarda quraşdırılmış 5 POS-terminal vasitəsilə 1462 manat məbləğində nağdsız qaydada bilet satışları həyata keçirilmişdir.
Nağdsız ödənişlərin əhatə dairəsini genişləndirən mühüm faktorlardan biri də kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsidir. Bu tədbirlər əhalinin rəqəmsal ödəniş xidmətlərindən istifadə etməsi və nağdsız ödənişlərin həcminin artırılması sahəsində hərəkətverici rol oynayır. 3 fevral 2020-ci ildə “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 12-ci tirajı keçirilmiş, 400 manatdan yuxarı nağdsız ödəniş aparan 412 vətəndaşa ödədikləri məbləğə müvafiq olaraq 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim olunmuşdur. Ümumilikdə birinci rübdə 2 min 989 nəfərə 190 min manat məbləğində hədiyyələr təqdim edilmişdir.