Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasında arıçılıq qədim ənənələrə malik məşğuliyyət növlərindən biridir. Lakin bu gün arıçılığın inkişafı yeni dövrə qədəm qoymuşdur. Dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına xüsusi önəm verilir. Bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” mühüm yer tutur. Dövlət Proqramında arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin, qabaqcıl təcrübənin tətbiqi üçün sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, kənd əhalisinin məşğulluğunun artırılması, arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması kimi bir çox vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Muxtar respublikada istehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olmuşdur. Dövlət Proqramında müəyyən edilən tapşırıqlar 14 bənddən ibarətdir. 2020-ci ilin ötən dövründə 30,9 hektar sahədə nektar və çiçək tozu ilə zəngin olan meyvə tinglərindən ibarət yaşıllıqlar salınmış, Şahbuz rayonu ərazisində 449 hektarlıq “Qonaqgörməz” yay otlaq sahəsinin dincə qoyularaq arıçıların istifadəsinə verilməsi ilə bağlı işlər görülmüşdür.
Arıçılıq kәnd tәsәrrüfatının ekoloji baxımdan әn tәhlükәsiz növlәrindәn biridir. Muxtar respublikada arıçılığın tarixi köklәri vә әnәnәlәrin olması yerli arı genofondunun formalaşmasına səbəb olmuşdur. Məhz Dövlət Proqramında nəzərdə tutulan tapşırıqlardan biri yerli arı genofondunun mühafizəsindən ibarətdir. Bu məqsədlə ötən dövrdə yerli arı cinsi olan "Sarı Qafqaz"ın Naxçıvan populyasiyasının qorunub saxlanılması məqsədilə 4 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılmışdır. 1 ana arı yetişdirmə təsərrüfatının, 4 arıçılıq təsərrüfatının yaradılması və 2 arıçılıq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilmişdir.
Arıçılıq məhsullarının qablaşdırılması və etiketləşdirilməsi onların keyfiyyətinin və qidalılıq dəyərinin yararlılıq müddətində təhlükəsiz saxlanmasını və istifadəsini təmin edir. Arıçılığın iqtisadi cəhətdən yüksək gəlir gətirən təsərrüfat növü olması bu sahədə emal və qablaşdırma müəssisələrinin yaradılmasını da zəruri edir. Proqramda bu məqsədlə müəyyən olunmuş tapşırığın icrası istiqamətində ötən dövrdə 4 təsərrüfata 26 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Ümumilikdə muxtar respublikada balın emalı, qablaşdırılması və mum vərəqi hazırlayan 5 istehsal müəssisəsi fəaliyyət göstərir.
Arı xəstəlikləri arı ailələrinin zəifləməsinə səbəb olan və nəticədə bu sahədə məhsuldarlığı aşağı salan faktordur. 2020-ci ilin ötən dövründə arı xəstəliklərinin qarşısını almaq məqsədilə maarifləndirici tədbirlər davam etdirilmiş, sahibkarlara 7 adda dərman vasitələri paylanmışdır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Arıxanalara baytarlıq-sanitariya pasportunun verilməsi Qaydası və Forması” ləğv edilmişdir. Buna görə də baytarlıq-sanitariya pasportlarının verilməsinin, arıçılıq təsərrüfatlarının və arı ailələrinin uçotunun aparılmasının təşkili ilə bağlı tapşırığın icrası zamanı yalnız muxtar respublikada arıçılıqla məşğul olan sahibkarlara məxsus arı ailələri qeydiyyata alınmışdır.
Şübhəsiz ki, hər hansı iqtisadi sahədə peşəkar mütəxəssislərin mövcudluğu və müvafiq ixtisasa uyğun kadrların hazırlanması həmin sahənin inkişafını şərtləndirən başlıca amillərdəndir. Dövlət Proqramında nəzərdə tutulan tapşırığa uyğun olaraq arıçılıq üzrə mütəxəssislərin hazırlanması davam etdirilmiş, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrinə arı xəstəliklərinin profilaktikası və müalicəsi ilə bağlı dərslər tədris edilmişdir. Peşəkar arıçıların yetişdirilməsi üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzində, Şərur Texniki-Peşə və Sürücülük Məktəbində arıçılıq peşəsi üzrə təhsil alan müdavimlərə arıçılıqda son elmi nailiyyətlər, qabaqcıl təcrübələrin tətbiqi, arı ailələrinə qulluq qaydaları haqqında təlimlər keçirilmişdir.
Ötən dövrdə Dövlət Proqramının icrasına uyğun olaraq muxtar respublikada baytarlıq əczaxanalarının yaradılması ilə bağlı təbliğat işləri həyata keçirilmiş, balyığma mənbələri olan ağac və kolların qorunması, arı ailələrinin sığortalanması ilə bağlı maarifləndirmə işləri aparılmışdır. Arıçılarla Ordubad rayonunun Vənənd, Kəngərli rayonunun Çalxanqala, Culfa rayonunun Əbrəqunus kəndlərində və Culfa şəhərində keçirilən görüşlərdə arı ailələrinə erkən yazda qulluq edilməsi ilə bağlı məlumatlar verilmişdir. Aparılan maarifləndirmə tədbirləri çərçivəsində “Yaz mövsümündə arılara qulluq”, “Arıçılıqda yem ehtiyatı bazasının yaxşılaşdırılması vacibdir”, “Bal arılarının zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri”, “Arıçıların yaddaş kitabçası”, “Həvəskar və peşəkar arıçılqla məşğul olma, arı ailəsinin standart gücünün müəyyən edilməsi, arıçılıq təsərrüfatlarının uçota alınması və statistik hesabatların təqdim edilməsi qaydaları” adlı bukletlər dərc edilərək paylanmışdır. Sahibkarların məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələrinin də imkanlarından istifadə olunmuş, Naxçıvan Dövlət Televiziyasında “Arı ailələrində baş vermə ehtimalı olan xəstəliklərə qarşı profilaktiki olaraq baytarlıq tədbirlərinin aparılması və yaz mövsümünə hazırlıq” və “Arı ailələrinə erkən yazda zoobaytar qaydalarına uyğun qulluq edilməsinin əhəmiyyəti” adlı verilişlər hazırlanaraq efirə təqdim olunmuşdur.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstəliklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə və arıçılıq məhsullarının ixracına şərait yaradır. Proqramın icrası nəticəsində bu sahədə daha böyük uğurlar qazanılacaq, yerli və ənənəvi arı cinsləri yetişdiriləcək, məhsul istehsalı artırılacaq, eyni zamanda bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaradılacaqdır.