“Azərkosmos” “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsinə qeydiyyat müddətini uzadıb
“Azərkosmos” ASC 2020-2021-ci illər üzrə “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsinə qeydiyyat müddətini iyunun 30-dək uzadıb.
ASC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihədə iştirak ödənişsizdir.
“Hazırkı dövrdə koronavirus pandemiyasının təsirindən irəli gələrək dünya ölkələrində istər əmək fəaliyyəti, istərsə də elmi-tədqiqat işləri onlayn rejimdə davam edir. Dünya artıq yeni inkişaf mühitində rəqəmsallaşma istiqamətində xeyli yol qət edib. Rəqəmsallaşma dövrü elmi-tədqiqat işlərinin aparılmasında da yeni imkanlar təqdim edir və elmi işlərin onlayn formada aparılması elm adamlarına, tədqiqatçılara vaxtlarını səmərəli keçirmək fürsəti yaradıb. Bu yeni dövrün astanasında sizi zamanın çağırışlarına cavab verərək elmi-tədqiqatları onlayn mühitdə aparmağa və rəqəmsal bacarıqlarınızı inkişaf etdirməyə dəvət edirik. Gəlin Azərbaycanda sosial izolyasiya tədbirlərinə qeyd-şərtsiz əməl edək, onlayn formatda texnoloji həllərdən faydalanmaqla elmi-tədqiqat işlərini davam etdirək”, - deyə məlumatda qeyd edilir.
Bu keçiddəki iştirak formasını doldurmaqla layihənizi reallaşdıra bilərsiniz: https://azercosmos.az/page-participant-form?lang=az
Qeyd edək ki, “Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin məqsədi “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, o cümlədən “Azersky” peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir.