Naxçıvan - Türkiyə istiqamətində sərhəd keçidi sürətləndiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu barədə məsələ iyunun 28-də Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin ikinci iclasında müzakirə olunub.

Birgə Komitənin iclasında Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqəsinin daha səmərəli istifadəsinin təmin olunması məsələləri xüsusilə diqqətdə saxlanılıb. Bu məqsədlə lazımi təşəbbüslərin həyata keçirilməsinin zəruriliyi barədə razılığa gələn tərəflər sərhəd keçidinin sürətləndirilməsini qərara alıblar. Eyni zamanda, Sədərək-Dilucu gömrük idarələrinin rəhbərləri arasında keçirilən aylıq iclas və hesabatlardan məmnunluq ifadə edilib və bunun davam etdirilməsi qərarlaşdırılıb.

İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfekçi, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

İki ölkənin gömrük xidmətləri avtomobil nəqliyyatı ilə tranzit daşımalar üzrə ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində görülmüş işləri müzakirə edərək, müvafiq texniki şərtlərə dair danışıqların tezliklə başa çatdırılmasını və tətbiqini qərarlaşdırıblar. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində məlumatların elektron şəkildə mübadilə edilməsini də qərara alan tərəflər gömrük məlumatlarının mübadiləsinin gələcəkdə hava yolu ilə daşınan mallara da tətbiq edilməsi üzrə danışıqların başlanmasına razılıq veriblər.

Birgə komitənin növbəti iclasının gələn il Bakı şəhərində keçirilməsi qərara alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: