Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına başlanılıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başlayıb. Bu dəfə şirkət Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib.
MMC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “ADY Express” Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə polad və plastmas borular, beton dirəkləri Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub. 250 ton polad boru 26 yarımvaqonda Bakı-Tbilisi-Qars dəmir yolundan keçməklə Türkiyədən Gəncə şəhərinə daşınıb. 100 ton plastmas boru 11 platformaya yüklənərək Türkiyədən Şəmkirə nəql edilib. 600 ton beton dirək isə 10 yarımvaqonda BTQ vasitəsilə Türkiyədən Abşeron rayonuna çatdırılıb.
Bütün yüklərin çatdırılma vaxtı (tranzit vaxtı) 3 gün təşkil edib. Yüklər Türkiyədən Gürcüstanın Axalkalaki stansiyasına çatdırılaraq burada vaqonlarda təkər arabacıqların dəyişdirilməsi əməliyyatından sonra Azərbaycana yola salınıb.
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə bu növ yüklərin daşınmasının davamlı olacağı nəzərdə tutulub. BTQ dəmir yolunun yaratdığı imkanlar, yük sahiblərinə bu yolla məhsullarının daşınmasına şərait yaradaraq yüklərin nəqlini daha rahat, sürətli və təhlükəsiz edir.