AZAL Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirir - FOTOLAR
Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” iyunun 17-si və 18-də Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirməyə davam edir. Təyyarələrin uçuşu cədvəl üzrə həyata keçirilir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeni qaydalara uyğun olaraq yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.
İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.
Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin “www.azal.az” saytında açılıb. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.
COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur.