Naxçıvan Muxtar Respublikasında aqrar infrastrukturun tənzimlənməsi

A- A A+

Ölkəmizin sosial-iqtisadi inkişafı və mədəni-məişət həyatı özünün çoxsaylı və kifayət qədər geniş mənşəli amillərin təsiri ilə səciyyələnir.Yaranan vəziyyət respublika iqtisadiyyatının vahid sistem şəklində,təməllərin kompleks fəaliyyəti təmin edilməklə mövcudluğunu tələb edir.

Tədqiqatımız kənd təsərrüfatı sahəsində kompleks şəkildə öyrənilməsinin zəruriliyinin ön plana çəkir. Araşdırmanın ardıcıl və məqsədiyönlü təşkili üçün ilk növbədə regional səviyyədə aqrar sferada istehsal potensialının vəziyyəti, hasilatın müxtəlif əlaqəli amillər əsasında ixtisarlaşdırılması kimi məsələlərə aydınlıq gətirilməlidir ki,onun əsasında da həmin regionda infrastrukturun hansı növünün təşkili və inkişafına zərurətin yaranması, infrastrukturun vəziyyəti də  əmtəənin mübadilə məkanlarına həmçinin son istehlakçı ünvanlarına çatdırılmasında öz sözünü demiş olsun.

Aqrar sahəni əhatə edən hasilat proseslərində mühüm komponentlərdən biri də insan resursları hesab olunur. Mahiyyət etibarı ilə bu resursları müəyyən əmək, bilik və vərdişlərə malik işçi qüvvəsindən ibarətdir. Təkcə bir faktı nəzərdən qaçırmaq lazım deyil ki, ümumrespublika göstəricilərindən fərqli olaraq muxtar respublikada yaşayan əhalinin 70%-dən çoxu kənd yerlərində məskunlaşıb. Digər tərəfdən regionun cəmi əhalisinin tərkibində kənddə çalışanların sayı kənd əhalisinin ümumi sayının 40%-ə qədərini təşkil edir ki, bu da kifayət qədər böyük xüsusi çəki hesab olunur. [10,9.91]

Aqrar sahədə istifadə olunan dövriyyə istehsal fondları həmin sferada işlərin təşkili və həyata keçirilməsinin mühüm elementlərindən biri hesab olunur. Belə ki, əkinçilikdə toxumun, meyvəçilikdə tinglərin, heyvandarlıqda yemin və dövriyyə fondlarının digər növlərinin olmaması şəraitində aqrohasilat prosesinin baş verməsinin mümkün olmadığına dəlalət edir. Onlar bir tərəfdən hansısa istehsalın son məhsulunu ifadə etdiyi halda kənd təsərrüfatında dövriyyə fondlarının spesifik tərkibi haqda fikir yaradır.

Digər fəaliyyət sahələrində olduğu kimi, kənd təsərrüfatında da zəruri istehsal və xidmət proseslərini, həyata keçirilməsində maliyyə resursları ilə təmin olunmanın xüsusi əhəmiyyəti vardır. Qeyd etmək yerinə düşər ki, hasilat prosesinin hər üç fazası maliyyə (pul) ifadələri ilə müşaiyət olunur. Alış qiymətlərindən istehsal (tam) maya dəyərinin formalaşmasınadək, satış prosesində mübadilənin baş verməsinədək olan ardıcıllıq maliyyə resurslarının vacibliyinə onların mövcudluğunun zəruriliyinə dəlalət edir.

Aqrar fəaliyyətin sistemli təşkilində onun infrastrukturunun yaradılması, bu elementin sahə üzrə real şərait nəzərə alınmaqla formalaşdırılması zəruridir, tədqiqatlar nəticəsində aydın olubdur ki, müvafiq sferanın tam mənalı fəaliyyətinin təmin edilməsində infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir.

Mövzunun araşdırılmasında mühüm məsələlərdən bizim onun aparıldığı istiqamətdə istifadə olunan elmi metodlar təşkil edir. İstənilən tədqiqatın düzgün, dürüst, ümumiyyətlə, tələblərə uyğun şəkildə təşkil olunuması ilk növbədə onun qarşısında qoyulan vəzifənin müəyyən edilməsi və buna uyğun texnologiyanın seçilməsi ilə başlanır. Dəqiqləşdirilən məqsədlər və texnoloji tələblər öz növbəsində istifadə olunacaq metodlarla bağlı fikirləri dəqiqləşdirməyə imkan verir.

         Elə baxımdan aqrar infrastrukturu ifadə edə biləcək nümunəvi tərkibi fərdi qaydada nəzərdən keçirək:

  1. Malların qorunması, saxlanması infrastrukturu. Bu bənd kənd təsərrüfatı məhsulları üzrə proseslərin bir neçə mərhələsində mümkün olur:
  1. Hasilatdan öncəki mərhələdə-zəruri xammal və materialların, gübrə və ehtiyat hissələrinin, yemlərin və s. təsərrüfatlara gətirilmə zamanı;
  2. Hasilat bitdikdən sonra-hazır məhsulun toplanaraq, ilkin emal keçməklə, adətən istehlakçıya təklif məqsədilə məcmu halında saxlanılması və qorunması zamanı.
  3. Təsərrüfat daxilində mərhələləri istehsal təşkil edildiyi zaman-mərhələlər arasında.

Müəssisələrdə anbar təsərrüfatlarının formalaşdırılması ilk növbədə onlarda mühafizə olunacaq obyektlərin xarakter və xassələrindən, saxlanılma müddətindən və formasından, digər xüsusiyyətlərdən asılı həyata keçirilir.

  1. Məhsulların nəqlolunması (daşınması) infrastrukturu. Müvafiq maddə istehsal olunmuş məhsulların istehsalının “mövcud olduğu məkana çatdırılmasını şərtləndirir”. Belə ki, tələbi olmayan məhsulun hasil edilməsi son nəticədə təsərrüfat subyektinin müflisləşdirilməsi ilə nəticələnəcəkdir.
  2. Aqrar sahə məhsullarının satış infrastrukturu. Bu maddə özündə reallaşdırma prosesi zamanı yarana biləcək bir çox məsələlərə aydınlıq gətirə bilər. Aqrar sfera subyektləri tərəfindən satış əməliyyatlarının həyata keçirilməsi bir tərəfdən əməliyyatlarının aparılacağı məkanla, digər tərəfdən isə onların forması haqda fikirləri dəqiqləşdirməyə imkan verir.
  3. Aqrar sahənin məlumatlandırma infrastrukturu. Məlumatlandırma sisteminin mövcudluğu və mütəmadi zənginləşdirilməsi ondan istifadənin zəruriliyini artırır. Müasir sistem istənilən sahədə olduğu kimi, aqrar sferada da hasilat öncəki və satış öncəki vəziyyətin reallıqlarına aydınlıq gətirməyə və perspektiv inkişafı təşkil etməyə və tənzimləməyə imkan verir.
  4. Köməkçi istehsal infrastrukturu. Xalq təsərrüfatının bütün sahələrində olduğu kimi, aqrar sahədə də istər əsas istehsalat, istərsə də infrastruktur təyinatlı köməkçi bölmənin və istehsalatların mövcudluğu müsbət hal kimi qiymətləndirilməlidir.
  5. Yol infrastrukturu. Aqrar sahənin infrastruktur kompleksinin tərkibində özünün mühümlüyü ilə fərqlənir onun tərkibindəki aşağıdakı bəndləri fərqləndirmək lazımdır:

          -subyektin də istifadə etdiyi ümumi təyinatlı yollar;

         -ancaq təsərrüfat subyekti istiqamətində çəkilmiş yollar;

         -subyektin ərazisinin tərkibində onun daxilindəki ayrı-ayrı bölmələri birləşdirən yollar.

  1. Enerji təminatı infrastrukturu. Müasir aqrar sahədə enerji təminatı mühüm rol oynayır. Bu istiqamətdə enerji təminatının infrastrukturunun yaradılması və ondan tam mənalı istifadə mühüm əhəmiyyət kəsb edir.
  2. Su təminatı infrastrukturu. Su təminatı infrastrukturunun yaradılması və istismarı onun quraşdırılmasında istifadə olunan materialların xüsusiyyətlərindən, istifadə olunacaq su qurğuları və sistemlərinin təyinatından, onun yaradıldığı sahələrin ərazi quruluşu və digər məsələlərdən asılıdır.
  3. Aqrar sahə fəaliyyətinə maliyyə dəstəyi infrastrukturu. Aqrar sahə maliyyə dəstəyi baxımından həmişə ehtiyac səviyyəsi yüksək olan sfera hesab olunur. Müasir mərhələdə maliyyə dəstəyinin infrastruktur şəklində mövcudluğu özünü həm birbaşa maliyyə resursları şəklində, həm də onun məhsul və ya xidməti ifadə edən maddiləşmiş formasında təcəssüm etdirir.
  4. Aqrar sahə fondlarının təmir infrastrukturu. Müasir dövrdə aqrar sahədə fəaliyyətin ahəngdar təmir edilməsi ona aid subyektlərdə texniki-texnoloji təminat səviyyəsinin yüksəlməsi ilə müşayiət olunur. Təmir infrastrukturu görüləcək təmirin növündən, onun obyekti məcmusundan və digər şərtlər baxımından fərqləndirilir.

Muxtar respublikada əhalinin ərzaq məhsullarında olan təlabatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə aqrar sektorda kompleks tədbirlər həyata keçirilib, daxili bazarda məhsul bolluğu yaradılıbdır. Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62970 hektar sahədə əkin aparılıbdır ki, bu da 2018-ci ilin məhsulu üçün əkilmiş sahədən 1035 hektar çoxdur.

Muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılıb və 2019-cu ilin məhsulu üçün 33308 hektar sahədə taxıl əkilibdir. Bunun 31667 hektarı payızlıq, 1641 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 24729 hektarında buğda, 8579 hektarında isə arpa əkilibdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 825 hektar artıbdır. Cari ildə taxıl zəmilərindən 102 min 984 ton məhsul tədarük edilibdir ki, bu da bir il öncəki göstəricidən 5295 ton çoxdur.

Təlabata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılıb və 2019-cu ildə 3228 hektar sahədə kartof əkini aparılıb. Bu da 2018-ci ildə əkilmiş sahədən 13 hektar çoxdur. 1 oktyabr 2019-cu il tarixə 3182 hektar sahədən 49139 ton kartof yığılıbdır ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyir.

2019-cu ildə muxtar respublikada tütünçülüyünün inkişafı üçün də tədbirlər görülübdür. Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 50,5 hektar sahədə tütün əkini aparılıbdır ki, bu da bir il öncəki göstəricidən 9 hektar çoxdur.

Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 4 soyuducu anbarın yaradılması, 2 soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb, 2 soyuducu anbarın yaradılması və 1 soyuducu anbarın genişləndirilməsi hazırda davam etdirilir. Bundan əlavə, 1 istixana təsərrüfatı yaradılıb, 2 istixana təsərrüfatının yaradılması davam etdirilir.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 319-u 2019-cu ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 2694 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilibdir. 2019-cu ilin 9 ayında 200 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 2 ədədi nağd yolla satılıbdır. Bu dövrdə məhsul istehsalçıları 7079,2 ton mineral gübrə ilə təmin olunubdur.

Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıbdır. Hazırda mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilibdir. 2019-cu ilin 9 ayında bu sahədə müvafiq tədbirlər görülüb, 3 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 5 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilir.

Nuriyyə İbrahimova

                                                          İqtisad üzrə fəlsəfə doktoru, dosent

                                                                                                             

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: