Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən hər il iyunun 24-ü ölkəmizdə “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramı kimi qeyd edilir.
Müasir dövrdə iqtisadi, sosial və mədəni sahədəki nailiyyətləri ilə diqqətləri özünə cəlb edən Naxçıvan Muxtar Respublikası innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişaf modeli qurmaq yolunda mühüm irəliləyişlər əldə edibdir. Dinamik və dayanıqlı inkişafa nail olmaq üçün muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən biri investisiya qoyuluşları sahəsində əldə edilən uğurlardır.
Naxçıvanın iqtisadiyyatının inkişafında və sosial mədəni həyatında əsaslı dönüş mərhələsi ulu öndərimizin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi və misilsiz fəaliyyəti ilə bağlıdır. Həmin dövrdə muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrində 783 milyon manatlıq əsas fondlar yaradılıb, Araz çayı üzərində su elektrik stansiyası, Alt Trikotaj Məmulatları Fabriki, yeni mineral su zavodu, Şüşə Qablar Zavodu, şərabçılıq müəssisələri olmaqla bütövlükdə, 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilibdir. Həmin dövrdə mühüm sənaye məhsulları istehsalı, o cümlədən elektrik enerjisi 35 dəfə, ipək xammalı 2,2 dəfə, konservləşdirilmiş məhsullar 3,5 dəfə, daşduz 2 dəfə, mineral sular və şərab məhsulları bir neçə dəfə artıbdır.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələndən sonra sənayenin bütün sektorlarının, o cümlədən maşınqayırmanın inkişafı üçün xüsusi proqramlar icra edilməyə başladı. Müəssisələr özəlləşdirildi, səhmdar cəmiyyətlərinə çevrildi, onların maddi-texniki bazası yenidən quruldu. Bütün bunlar getdikcə maşınqayırma müəssisələrinin yeni texnologiyalar əsasında təchizatına, onların həm istehsal güclərinin, həm də yeni çeşiddə məhsullar buraxılışı üçün imkanlarının artmasına səbəb oldu.
Ötən illərdə muxtar respublikada bu sahəyə göstərilən diqqətin nəticəsidir ki, əvvəllər aqrar sahənin üstünlük təşkil etdiyi muxtar respublikada artıq ümumi daxili məhsul istehsalında sənaye ilk yeri tutur. Bunun nəticəsidir ki, 1991-ci illə müqayisədə sənaye məhsulunun həcmi 256,3 dəfə artaraq 1 milyard 14 milyon 971 min manatı ötüb.
1991-ci ilin sonuna muxtar respublikada 46 sənaye müəssisəsi fəaliyyət göstərirdisə ötən dövr ərzində yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül və yeyinti sənayesi olmaqla 400-də çox istehsal sahəsi yaradılıbdır.
Yeni istehsalat obyektləri və perspektivlər sənayenin strukturunun və əhatəsinin diversifikasiyası baxımından bu sahədə yeni istehsalat obyektlərinin istismara verilməsi üçün son illərdə ciddi işlər görülübdür. Muxtar respublikanın şəhər və rayonlarında yaradılmış sənaye müəssisələri daxili tələbatı ödəməklə yanaşı, ixracyönümlü məhsul istehsalına da imkan verir. “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Cahan-Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan SementZavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Duz İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Badamlı Mineral Sular Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətivə digər müəssisələrin yaradılması muxtar respublika sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirmə siyasətinin həyata keçirilməsinə geniş imkanlar yaradıbdır.
Yerli istehsal sahələrinin inkişafı nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunaraq 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilibdir.
Bu gün Naxçıvan Muxtar Respublikası regionda enerji sahəsində lider mövqedədir. Naxçıvanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açıbdır. Muxtar respublikada 1991-ci ildə cəmi bir elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, keçən müddət ərzində bu sahədə aparılan məqsədyönlü islahatlar nəticəsində enerji istehsalı müəssisələrinin sayı 9-a çatdırılıbdır.
İqtisadiyyatın bütün sahələrinin ən yeni maşın və avadanlıqlarla təmin edilməsi hesabına əmək məhsuldarlığının yüksəldilməsi, iqtisadi inkişafın intensivləşdirilməsi, elmi-texniki tərəqqinin templərinin sürətləndirilməsinə maşınqayırmanın tövhəsi daha əhəmiyyətlidir. Son illər muxtar respublika sənayesinin əsas halqasını formalaşdıran və inkişafda olan maşınqayırma sahəsində əldə olunmuş nailiyyətlər qürurvericidir.Yeni və müasir avadanlıqlarla təchizat, son texnologiyaların tətbiqi maşınqayırma müəssisəsinin həm istehsal gücünü, həm də yeni çeşiddə məhsullar istehsal etmək imkanını artırıbdır. Hazırda maşınqayırma sənayesində rəqabətqabiliyyətli məhsullar istehsal edilir.
Azərbaycanda minik avtomobilləri istehsalı sahəsində aparıcı mövqeyə sahib olan “Lifan” avtomobillərinin istehsalı maşınqayırma sənayesinin inkişafında xüsusi çəkiyə malikdir. 2010-cu ildə Naxçıvanda avtomobil zavodunun yaradılması nəqliyyat vasitələrinə artan tələbin daxili istehsal hesabına ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvan Avtomobil Zavodunda avtomobil sənayesində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun ən müasir avtomobillər istehsal edilir. İstehsal prosesində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlardan istifadə olunur. Bunun nəticəsidir ki, hər il yeni model avtomobillərin istehsalı da həyata keçirilir.
Zavodda müxtəlif təyinatlı 18 modeldə “NAZ Lifan” markalı avtomobillər istehsal olunur. Bunlardan “Lifan X-70”, “Lifan L-7”, “FAW T-33 minik və “FAW T-80” model yük avtomobilləri 2020-ci ilin məhsullarıdır. Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları açılıbdır. Həmçinin muxtar respublikada istismar olunan “NAZ-Lifan” markalı minik avtomobillərinə yerində texniki xidmət göstərilməsi məqsədilə Şərur və Culfa rayonlarında avtomobillərin servis mərkəzi yaradılıbdır.
Bu sahədə həyata keçirilən tədbirlər, göstərilən dövlət qayğısı muxtar respublikada idxaldan asılılığı ciddi şəkildə azaldacaq, tələbatın yüksək olduğu maşın və avadanlıq komponentlərinin istehsalına şərait yaradılacaqdır.
Mehparə Məmmədova
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat
Nazirliyinin Elmi-Tədqiqat Tədris Mərkəzinin elmi işçisi