Pandemiya dövründə sahibkarlıq subyektlərinin fəaliyyətini bərpa etdirilməsi və aktivləşdirilməsi “Caspian European Club”un ümumi onlayn toplantısının əsas müzakirə mövzusu olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev deyib.
Toplantıda “Caspian European Club”un yeni strukturunun və bu strukturu idarə edən yeni idarə heyətinin üzvlərinin, komitələrin, işçi qruplarının və komissiyaların rəhbərlərinin qısa təqdimatı keçirilib. İclas çərçivəsində yeni inkişaf strategiyası, pandemiya dövründə görüləcək tədbirlər, “Caspian European Club”un üzv şirkətlərini maraqlandıran sual və təkliflər müzakirə olunub. Əsas diqqət “Caspian European Club” çərçivəsində fəaliyyət göstərən komitələrin, işçi qruplarının, altkomitələrin və komissiyaların yeni strategiya və məqsədlərinin izahına yönləndirilib.
İlk öncə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Caspian European Club”un rəhbərliyinə və üzvlərinə müraciət edərək bundan əvvəlki templəri azaltmamaq şərti ilə aktiv əməkdaşlığı və dialoqu davam etməyə dəvət edib. R.Əliyev “Caspian European Club” çərçivəsində mövcud olan platformanın iqtisadiyyatın bütün sahələrini təmsil edən sahibkarlıq subyektləri ilə ünsiyyət yaratmaq və mövcud problemlərin müzakirəsi üçün çox əlverişli olduğunu vurğulayıb.
Uzun illərdir “Caspian European Club”un Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinə rəhbərlik edən Vüqar Abbasov “Cahan Holding” adından bildirib ki, bundan sonra da “Caspian European Club”la sıx əməkdaşlığını davam edəcək və indiki şəraiti nəzərə alaraq yüksək texnologiyalardan istifadə edərək Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən müəssisələrə onlayn biznes tur təşkil etməyi təklif edib. V.Abbasov “Caspian European Club”un Naxçıvan Muxtar Respublikasında yeni nümayəndəlik rəhbəri olan Azər Cəfərovu onlayn toplantının iştirakçılarına təqdim edib.
Daha sonra T.Əliyev idarə heyətinin, sahə və sahəarası komitələrin, işçi qruplarının, altkomitə və komissiyaların rəhbərlərini təqdim edib.