Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) 43 konteynerdən ibarət qatarı Çin-Qazaxıstan sərhədindəki Xorqos (Altınkol) stansiyasından Türkiyənin Kösəköy stansiyasına (İzmit) cəmi 12 günə çatdırmaqla növbəti rekorda imza atıb.
“ADY Konteyner”dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müxtəlif təyinatlı yüklərin olduğu 40 futluq konteynerlərdən ibarət qatar Altınkol stansiyası vasitəsilə Qazaxıstan ərazisinə daxil olub. Daha sonra operatoru “ADY Konteyner” olan “Beket-Ata” fidr gəmisi ilə Aktau limanından Bakı Limanına çatdırılıb, oradan Gürcüstanın Axalkalaki stansiyasına, daha sonra isə Türkiyənin İzmit şəhərinə yola salınıb.
Mürəkkəb epidemioloji şəraitə baxmayaraq, “Şərq-Qərb” marşrutu üzrə dəmir yolu ilə yükdaşımalar sanitar–epidemioloji normalara riayət olunmaqla fasiləsiz davam etdirilir.