İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.
QSC-nin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək. Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.
Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları Bakı-Berlin reysi ilə daşınacaq. Aviareysə Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.
Aviabiletləri aviaşirkətin rəsmi “www.azal.az” saytında əldə etmək olar. ⠀
Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30 faiz həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM
Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunan, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib. Həmin siyahıya “Referans” laboratoriyası, “Leyla” klinikası, “Memorial” klinikası, “Bona Dea” xəstəxanası, “İnci” laboratoriyası, Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi, “Kaspian Hospital”, “UltraLab” daxildir.
Uçuşdan 48 saat əvvəl alınmış arayış mövcud olduğu və Almaniyanın tələblərinə uyğun gəldiyi halda (https://www.rki.de/DE/Content/InfAZ/N/Neuartiges_Coronavirus/Transport/BMG_Merkblatt_Reisende_Tab.html) və ya sərnişin uçub gəldiyi zaman laboratoriyaya müraciət edərək neqativ test əldə etdiyi təqdirdə ondan ikihəftəlik özünütəcrid rejiminə riayət etmək tələb olunmayacaq.
Almaniyada və Avropa İttifaqının digər üzv ölkələrində olan sərnişinlər COVID-19 virusuna dair testdən həmin ölkələrdə müvafiq qaydada akkreditə olunmuş və sözügedən testi etmək səlahiyyətində olan tibb müəssisələrindən birində keçməlidirlər. Almaniyada mövcud olan belə tibb müəssisələri barədə məlumat internet səhifəsindən (https://www.meinbdl.de/coronavirus), digər Aİ ölkələri ilə bağlı müvafiq məlumat isə həmin ölkələrin rəsmi qurumlarının internet səhifələrindən əldə edilə bilər.
Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. “Azərbaycan Hava Yolları” tərəfindən videotəlimat hazırlanıb: https://youtu.be/-s-0s4o1L2M