İyulun 14-də OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin (“OPEC+”) Birgə Texniki Komitəsinin (JTC) 42-ci iclası videokonfrans formatında keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasda OPEC-in baş katibi Məhəmməd Barkindo həm JTC-nin, həm də Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarında dəyişkən bazar şərtlərinin nəzərdən keçiriləcəyini deyib.
İyulun 15-də “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin videokonfrans formatında keçiriləcək iclasında JTC-nin tövsiyələri əsas müzakirə mövzusu olacaq.
Ekspertlərə görə, “OPEC+” ölkələri avqustun əvvəlindən hasilat məhdudiyyətləri üzrə mövcud kvotaları bir qədər yumşaldacaq.
Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyunda sutkada xam neft hasilatını 164,2 min barrel azaldıb. Beləliklə Azərbaycan 164 min barrel həcmində olan öhdəliyini iyunda tam yerinə yetirib.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalıdır.
Qeyd edək ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, Azərbaycanda isə 164 min barrel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iyunun 6-da keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.