Muxtariyyətin “İxrac ili” - FOTOLAR
Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Ölkələrin müstəqilliyi onların dünya dövlətləri arasında müstəqil qərar qəbul etmələrinə və iqtisadi tərəfdaş kimi çıxış etmələrinə şərait yaradır. Azərbaycan Respublikasının müstəqillik qazanması onun həm qonşu ölkələrlə, həm də digər xarici ölkələrlə iqtisadi, ticarət əlaqələrinin güclənməsinə təkan veribdir. Xarici iqtisadi əlaqələrin güclənməsi dedikdə, ölkənin xaricə çıxış imkanları vasitəsilə malların, əmtəələrin dünya bazarında özünəməxsus yer tutması və həmin məhsulların brendləşməsi kimi məsələlər nəzərdə tutulur. Bu istiqamətdə isə ölkəmizdə ardıcıl və məqsədyönlü addımlar atılıb. Xarici ticarət sahəsində həyata keçirilən tədbirlər bu sektorun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə və xarici ticarət əlaqələrinin genişlənməsinə səbəb olubdur.
Ötən dövrdə ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da xarici iqtisadi əlaqələrin genişləndirilməsi üçün davamlı işlər aparılıb, qanunvericilik bazası təkmilləşdirilibdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu il fevralın 6-da 2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsi haqqında Sərəncam imzalaması da bu sahənin inkişafına xüsusi təkan veribdir.
Əvvəlki illərdə olduğu kimi, bu ilin ötən dövründə də muxtar respublikada sahibkarlıq sahələri daim dövlət tərəfindən dəstəklənib, özəl sektorun maliyyə resurslarına çıxış imkanları asanlaşdırılıbdır. Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar da xarici ticarətin sürətli inkişafına zəmin yaradıbdır. Sahibkarların maarifləndirilməsi, onlara texniki və metodik dəstək göstərilməsi istiqamətində mütəmadi seminarlar və treninqlər təşkil olunub, məhsulların virtual məkanda təbliği, satışı şəbəkəsinin genişləndirilməsi, yeni məhsulların yaradılması, inkişaf etdirilməsi və digər bir çox sahədə lazımi dəstək göstərilibdir. Muxtar respublikanın çoxşaxəli iqtisadiyyatı, özəl sektorun durmadan inkişafı, regionun iqtisadi nüfuzu və yerləşdiyi əlverişli coğrafi şərait də xarici ticarət əlaqələrinin həcminin və miqyasının artmasına böyük imkan yaradıbdır. Qeyd edə bilərik ki, region bir yandan təbii enerji resursları, digər yandan isə, sənayenin inkişafı sahəsində son illərdə dünya ölkələri ilə iqtisadi və ticarət əlaqələrini yüksək səviyyədə inkişaf etdirməyə nail olubdur.
Bu gün ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara böyük dəstək verilir. Bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir.
Xüsusi ilə qeyd edə bilərik ki, Naxçıvanda istehsal olunan məhsullar ölkə daxilində və xaricdə olmaqla beynəlxalq sərgilərdə “Made in Nakhchivan” stendi ilə təmsil olunmaqdadır. 2020-ci ilin ötən dövründə muxtar respublikada istehsal olunan məhsulların xarici bazarlarda tanıdılması və işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə 4 sahibkarlıq subyektinin 17 nümayəndəsinin 3 beynəlxalq əhəmiyyətli tədbirdə iştirakı təmin olunub, eləcə də muxtar respublikada istehsal olunan ərzaq məhsulları Moskva və Dubay şəhərlərində keçirilmiş nüfuzlu beynəlxalq qida sərgilərində nümayiş olunubdur. Bu sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendi altında muxtar respublikada istehsal olunan 133 çeşiddə məhsulun nümayişi həyata keçirilibdir. Bu da onu göstərir ki, Naxçıvan Muxtar Respublikası bu gün sadəcə MDB ölkələri ilə deyil, bir çox Asiya ölkələri ilə də ticarət dövriyyəsini artırmaqdadır.
Ötən il Türkiyə Respublikasının İqdır şəhərində Naxçıvan Muxtar Respublikasının Ticarət Evi istifadəyə verilibdir ki, bu da muxtar respublikada istehsal olunan məhsulların təşviqi və satışına, eyni zamanda iş adamları arasında işgüzar görüşlərin təşkilinə və ticarət sövdələşmələrinin aparılmasına geniş imkanlar yaratmaqdadır. “İğdır Magna Showroom” adı ilə də tanınan ticarət evi təkcə alış-veriş mərkəzi kimi fəaliyyət göstərmir, burada həm də Naxçıvanda istehsal olunan 50-dən çox adda sənaye və qida məhsulu sərgilənməkdədir.
Nəzərə alsaq ki, muxtar respublikamız bir çox beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, bu baxımdan turizmin inkişafı və muxtar respublikamıza gələn qonaqların sonradan Naxçıvanla ticarət və iqtisadi əlaqələrdə iştirakı da əsas isiqamətlərdən biri kimi qəbul olunmaqdadır. Belə ki, 2019-cu ildə muxtar respublikaya gələn turistlərin sayı 2010-cu illə müqayisədə 1,5 dəfə və ya orta hesabla 45 faiz artıbdır. Bu da real sektorun nə dərəcədə inkişaf yolu keçdiyini ortaya qoyan faktdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ölkəmizin regionları arasında 2017-ci və 2018-ci illərin nəticələrinə görə ard-arda iki dəfə liderlik qazanıbdır. Bu nəticə həm muxtar respublikanın investisiya cəlbediciliyi məsələsini diqqətdə saxlayır, həm də regional inkişaf baxımından Naxçıvanın sosial-iqtisadi sahədə və xarici iqtisadi əlaqələrdə uğurlarını sərgiləyir.
Dünya bazarlarına çıxış, ticarət əlaqələrimizin intensiv şəkildə gücləndirilməsi iqtisadi baxımdan inkişafımıza böyük bir təkan deməkdir. Xarici iqtisadi fəaliyyət özəl sektorun fəallığını stimullaşdırır, bazar əlaqələrinin və mexanizminin tənzimlənməsinə nail olmağa imkan verir, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsinə müsbət təsir göstərir, həmçinin mütərəqqi texnologiyaların və istehsalın təşkili və idarəedilməsinə yeni ideyaların gətirilməsinin mənbəyi kimi çıxış edir.
Ötən dövrə diqqət etsək görərik ki, muxtar respublikada sənayeləşmə prosesi sürətlənib, aqrar sahədə emal müəssisələrinin sayı xeyli artıbdır. Kiçik bir fakt burda diqqəti çəkir, bəs görülən işin nəticəsi nədir?!
Nəticə isə qürurla deyilməlidir ki, 2009-cu ildə ilk dəfə Naxçıvan Muxtar Respublikasından xaricə məhsul ixracı idxalımızı üstələyib və xarici ticarət dövriyyəsində müsbət saldo yaranıbdır. 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 103 milyon 747 min 800 manat olub və 4 milyon 527 min 800 manat dəyərində müsbət saldo yaranıbdır. Qeyd edək ki, artlıq 10 ildir ki, muxtar Respublikanın xarici ticarət dövriyyəsi müsbət saldo ilə bağlanıbdır. 2019-cu ilin eyni adlı göstəricilərinə nəzər salsaq görərik ki, 497 milyon 68 min 600 manat dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıbdır və 354 milyon 10 min 200 manat dəyərində müsbət saldo yaranıbdır. Bu da o deməkdir ki, 2009-cu ilin ümumi xarici ticarət dövriyyəsinin dəyərindən üç dəfədən daha artıq 2019-ci il ərzində müsbət saldo yaranıbdır.
Bu ixracın təməlində təbii ki, qəbul olunan dövlət proqramları və onların uğurlu icrası dayanır. İlkin mərhələdə hüquqi baza yaradılıb, sonra isə istehsalın həcmi və çeşidi artırılıbdır. Muxtar respublikamızda istər keyfiyyəti, istər dizaynı, istərsə də qiyməti ilə dünya bazarında rəqabətə girəcək məhsullar istehsal olunur.
Təsadüfi deyil ki, Naxçıvanda istehsal olunan məhsullara dünya bazarında maraq artmaqdadır və bu malları alan ölkələrin siyahısı getdikcə genişlənməkdədir. Elə bunun nəticəsidir ki, son illər ticarət dövriyyəsinin strukturunda və istehsalında mühüm dəyişikliklər baş veribdir. İxracın tərkibində ilk yeri sənaye məhsulları tutmaqdadır ki, bu istiqamətdə də davamlı addımlar atılıb. Muxtar respublikada sənayenin inkişafı məqsədi ilə Prezident İlham Əliyev ötən il sentyabrın 13-də "Şərur Sənaye Məhəlləsinin yaradılması" və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıbdır.
Xarici iqtisadi fəallığın nəticəsidir ki, muxtar respublikada tikilən hər bir yeni istehsal müəssisəsinin istehsal planında daxili bazarı təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixracı da dayanmaqdadır. Bu səbəbdəndir ki, müəssisələr tikilərkən və ya yenidən qurulan zaman dünya bazarının tələblərinə uyğun məhsul istehsalı daim diqqətdə saxlanılmaqdadır. Belə müəssisələrdən biri də “İxrac ili”nə mühüm töhvə olan, 21 milyon manata yaxın investisiya dəyərinə malik Şahbuz rayonunun Badamlı qəsəbəsində istifadəyə verilən "Badamlı" Mineral Sular Zavodu olub. Zavodun illik istehsal gücü 150 milyon şərti butulkadır. Vaxtilə burada yalnız bir çeşiddə qazlı su istehsal olunurdusa, hazırda 14 çeşiddə və müxtəlif qablaşdırmalarda qazlı, qazsız, eləcə də premium su istehsal edilməkdədir.
Dünyanın bir çox bazarlarında dadı-tamı ilə özünəməxsus yer tutan və ötən il keyfiyyət göstəricilərinə görə Rusiya Federasiyasında qızıl medala layiq görülən “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti də xarici ticarətdə fəallığı ilə seçilməkdədir. 2020-ci ilin ötən dövrü ərzində “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin istehsal sahələrində hazırlanan 400 ton vafli məmulatı 7 ölkəyə, o cümlədən 24 ton vafli məmulatı Əfqanıstan Respublikasına göndərilibdir.
Naxçıvan Muxtar Respublikasının ixrac potensialında "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin də payı böyükdür. 2020-ci ilin ötən dövrü ərzində Cəmiyyətin istehsal sahələrində hazırlanan 1805 ton travertin daş məhsulları sifarişə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş mənşə sertifikatları əsasında Gürcüstan Respublikasına göndərilibdir.
Xaricə məhsul ixrac edən sənaye müəssisələrinin siyahısını kifayət qədər uzada bilərik. “İxrac ili”ndə xaricə məhsul istehsalı təkcə qida və digər sənaye sahələrini əhatə etmir. Bu gün qürurla deyə bilərik ki, muxtar respublikada nəyin ki, sənaye sektorunda ixraca nail olmuşuq, bu inkişaf tendensiyası aqrar sektorda da gözlənilməkdədir. Yaradılan münbit şərait ticarət əlaqələrinin genişlənməsinə, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına imkan veribdir. Ötən dövrün statistik göstəricilərinə nəzər salsaq görərik ki, aqrar sektorda 2010-cu ildə 247 milyon manatlıq məhsul istehsal edildiyi halda, 2019-cu ildə 507 milyon 641 min 600 manatlıq məhsul istehsal edilibdir. Bu da onu göstərir ki, 10 il ərzində 2 dəfədən çox artım müşahidə edilməkdədir. Keyfiyətli və sağlam məhsul istehsalının nəticəsidir ki, son dövrlər sənaye məhsulları ilə yanaşı aqrar sahədə istehsal olunan məhsullarımız da ölkə xaricində özünəməxsus yer tutmaqdadır.
Bu gün dünya bazarına məhsulların çıxarılmağı üçün keyfiyyət tələb olunursa, bu tələb muxtar respublikada istehsal olunan məhsullarda tam gözlənilməkdədir. Çünki dünya bazarına məhsul istehsal edən hər bir müəssisənin tərkibində, demək olar ki, beynəlxalq standartlara cavab verən laboratoriyalar fəaliyyət göstərir. Bununla yanaşı muxtar respublikada istehsal olunan məhsullar İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-də yoxlanılır və uyğunluq sertifkatı alır.
“İxrac ili”ndə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xarici ölkələrdə ixracatçılarımıza dəstək ola biləcək təşkilati tədbirlər görülərək, yerli istehsal məhsullarından olan vafli, tütün məmulatları, travertin, mərmər, mineral sular Gürcüstan, Türkiyə, ABŞ, İraq, Ukrayna, Əfqanıstan, Belçika Krallığı, Türkmənistan kimi ölkələrə ixrac edilibdir. İxrac edilən məhsulların beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin etmək məqsədilə 52 hаldа mənşə sertifikatının verilməsi xarici ölkələrə məhsul ixracını asanlaşdırıbdır.
Qeyd edək ki, sənaye məhsullarına ixracla bağlı geri ödəmə mexanizminin tətbiq olunması da muxtar respublikada istehsal olunan məhsulların ixracının stimullaşdırılmasında mühüm rol oynamaqdadır. Bu ilin ötən dövrü ərzində bu istiqamətdə nazirliyə 11 müraciət daxil olub və ixrac olunan sənaye məhsulları üzrə 21 min manatdan çox ixrac təşviqi ödənilibdir.
Aparılan çoxşaxəli iqtisadi siyasətin nəticəsidir ki, “İxrac ili” elan olunan 2020-ci ilin yanvar-may aylarında 155 milyon 506 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıbdır. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 128 milyon 159 min 400 ABŞ dolları təşkil edib, 100 milyon 812 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıbdır.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilibdir.
Bu gün muxtar respublikada ixrac potensiallı sənaye və emal sektorları inkişaf edirsə bunun bir səbəbi də davamlı və dayanıqlı enerji ilə təminatdır. Ötən illər ərzində muxtar respublikada ekoloji cəhətdən təmiz enerjinin əldə olunması məsələsi də diqqət mərkəzində saxlanılıb. Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülüb. Ümummilli liderimiz Heydər Əliyev muxtar respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq Naxçıvanda elektrik stansiyalarının qurulması işinə diqqətlə yanaşıb, 1992-ci ildə Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilibdir. Ondan sonrakı dövrdə muxtar respublikanın elektrik enerjisinə olan tələbatı qardaş Türkiyə Respublikasından çəkilmiş elektrik xətti vasitəsilə ödənilirdi. Ölkə Prezidentinin sərəncamları ilə muxtar respublikada 87 meqavatlıq Modul Elektrik Stansiyası, yeni su və günəş elektrik stansiyaları tikilib və nəticədə muxtar respublikanın enerji təhlükəsizliyi tam təmin olunubdur.
Görülən işlərin nəticəsidir ki, artıq muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranıb. Muxtar respublikda xüsusilə su və günəş elektrik stansiyalarından alınmış enerji ilə təminata üstünlük verilir ki, bu da ekoloji cəhətdən təmiz enerji deməkdir. Hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 55 faizi alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir. İstifadəyə verilən günəş elektrik stansiyalarının ümumi gücü 27 meqavata bərabərdir. Kəngərli rayonunda yeni quraşdırılmış Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik Stansiyalarının illik istehsal gücü 40,5 milyon kilovat-saata çatdırılıbdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda yerləşən 3 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə deyib: “Muxtar respublikada enerji təhlükəsizliyi sahəsində qarşıda duran əsas vəzifə dünya dövlətlərinin də xüsusi diqqət yetirdiyi bərpa olunan enerji ilə təminat işidir. Ona görə də muxtar respublikada günəş enerjisindən, eləcə də mövcud hidroenerji potensialından səmərəli istifadə olunur, dağ çaylarında yeni su elektrik stansiyaları tikilir. Hazırda Ordubad və Tivi su elektrik stansiyalarının tikintisi davam etdirilir. Bu stansiyalar istifadəyə verildikdən sonra muxtar respublikanın elektrik enerjisi tələbatının 90 faizə yaxını bərpaolunan enerji mənbələri hesabına təmin olunacaqdır”.
2020-ci ilin ötən dövründa enerji təminatı sahəsində muxtar respublika üçün xüsusi önəm kəsb edən məsələlərdən biri də ölkə Prezidenti cənab İlham Əliyevlə qardaş Tükiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Qars-Naxçıvan qaz xəttinin çəkilməsi barədə imzalanan memorandum olubdur. Naxçıvan Muxtar Respublikasının gələcək sosial-iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Qars-Naxçıvan qaz xətti muxtar respublikada enerji təminatı baxımından alternativlik yaradacaq.
Məhz bu cür sistemli tədbirlər nəticəsində Naxçıvanda istehsal olunan məhsulların ixrac imkanları artmaqla yanaşı, iqtisadi əlaqələr də genişlənməkdədir. Bu da öz növbəsində məhsul istehsalı baxımından enerji dayanıqlılığı deməkdir.
Əlverişli coğrafi mövqeyi olan Naxçıvanın tranzit potensialının reallaşdırılması dövlətin iqtisadi diversifikasiya (şaxələnmə) siyasətində mühüm yer tutmaqdadır. Muxtar respublikamızın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər muxtar diyarın sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Naxçıvanı mühüm nəqliyyat qovşağına və ticarət dəhlizlərinin keçdiyi məkana çeviribdir.
Ölkə Prezidenti cənab İlham Əliyevlə Tükiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın nəqliyyat sektorunda - yəni Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin çəkilişinin reallaşdırılması barədə imzaladığı memorandum Naxçıvanın dünya bazarına çıxışını və ixrac imkanlarını daha da artıracaq.
Muxtar respublikada nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin həyata keçirilməsi, bu sahəyə böyük həcmli dövlət investisiyalarının yönəldilməsinə səbəb olubdur. Muxtar respublikanın inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, qədim diyarın tranzit potensialını daha da gücləndirəcəkdir.
Bu gün muxtar respublikada inkişafı təcəssüm etdirən, ixrac imkanlarını artıran göstəricilər bütün sahələrdə görünməkdədir. Həyata keçirilən tədbirlər çərçivəsində sərhəd və gömrük infrastrukturu da ən müasir səviyyəyə çatdırılıbdır. Ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, müasir gömrük strukturu qurulubdur.
Qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanan rəsmi sənədlər onu deməyə əsas verir ki, hər iki ölkə üzərindən Naxçıvanın dünya bazarına çıxış imkanları günü-gündən genişlənməkdədir. Bu gün demək olar ki, Naxçıvanın bütün gömrük keçid məntəqələrində ən müasir gömrük avadanlıqları yerləşdirilib, infrastruktur yenilənibdir. Naxçıvanın Qərbə açılan “Ümid Körpüsü” - Sədərək sərhəd-keçid məntəqəsi isə bu sahədə aparılan islahatların mərkəzindədir. Burda inşa olunan müasir kompleks 18 hektar ərazini əhatə edir və dünyada qəbul olunan müasir gömrük standartlarına cavab verməkdədir. Bu da imkan verəcək ki, Naxçıvanla ticarət əlaqəsi quran hər bir ticari tərəfdaş öz məhsullarını rahat şəkildə qanunvericiliyin tələblərinə uyğun muxtar respublikaya gətirsin və burdan aldığı məhsulları öz ölkəsinə aparsın.
Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələrinin inkişaf etdirilməsi daim diqqət mərkəzindədir. Yerli məhsulların xaricə, o cümlədən yeni bazarlara ixracının həcminin artırılması məqsədilə zəruri tədbirlər görülməkdədir. Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, muxtar respublikanın daha da inkişafına xidmət edəcək, Naxçıvanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaqdır.
Nicat Quliyev
İctimai-siyasi məsələlər redaksiyasiyasının baş redaktoru
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir