Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) təşkilatçılığı ilə Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı onlayn konfrans keçirilib.
Konfransın əsas mövzusu iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, hazırkı pandemiya ilə əlaqədar yaranmış vəziyyətdə hər iki ölkənin hökumətləri tərəfindən sahibkarlıq sahəsində görülmüş işlər və karantin rejimindən sonra sahibkarlığın dəstəklənməsi istiqamətində nəzərdə tutulan tədbirlər olub. Mövzular ətrafında geniş çıxışlar edilib. Həmçinin konfransda muxtar respublikadan İqtisadiyyat Nazirliyinin İnvestisiyaların təşviqi və ixraca dəstəkşöbəsinin müdiri və 3 sahibkarlıq subyektinin nümayəndələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Abdinov Orxanın Türkiyə Respublikasının Naxçıvan Muxtar Respubikasına tətbiq etdiyi güzəştli ticarət rejimi, eləcə də muxtar respublikada istehsal olunan məhsulların Türkiyə bazarlarına ixrac imkanları mövzusunda çıxışı ətrafında geniş müzakirələr aparılıb. Konfrans sənaye, qida sənayesi və kənd təsərrüfatı, nəqliyyat və loqistika sessiyaları ilə davam etdirilib.