Azərbaycanda “Qədim poçt marşrutları” mövzusunda poçt markaları dövriyyəyə buraxılıb - FOTOLAR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Avropa” proqramı üzrə yeni poçt markaları hazırlanıb. Proqramın builki mövzusu “Qədim poçt marşrutları” adlanır.
Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, üç fərqli dizaynda olan markaların üzərində qasid, həmçinin Azərbaycanın orta əsr poçt marşrutları təsvir edilib.
Xatırladaq ki, qasid xidməti 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən yaradılıb və bununla da Azərbaycanda dövlət səviyyəsində poçt rabitəsinin əsası qoyulub.
“Azərmarka” MMC-nin baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş markalar 1 suvenir vərəq, hər biri 12 markadan ibarət 2 kiçik vərəq və 8 markadan ibarət buklet formasında hazırlanıb. Markalar Fransanın “Cartor Security Printing CSP” mətbəəsində çap olunub. Eyni zamanda, 400 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.
Qeyd edək ki, “Avropa” (Europa) markaları – poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyasına (PostEurop) üzv ölkələr tərəfindən ümumi mövzuda hər il birgə buraxılış kimi hazırlanan poçt markalarıdır. “Avropa” markaları kolleksiyasının toplanması dünya filateliyasının ən geniş yayılmış istiqamətlərindən biridir. Azərbaycanda bu proqram üzrə ilk markalar 1998-ci ildə “Novruz bayramı” mövzusuna həsr edilib.
Bununla yanaşı, “PostEurop” öz saytında 2020-ci il üçün “Europa” mövzusunda hazırlanmış poçt markalarının dizaynı üçün səsvermə təşkil edib. Mayın 9-da başlanmış səsvermə sentyabrın 9-da yekunlaşacaq. Bu linkə (https://www.posteurop.org/europa2020) daxil olmaqla səsvermədə iştirak mümkündür.